
Şərur rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Senzor.az bildirir ki, hadisə rayonun Püsyan kəndi ərazisində qeydə alınıb.
Belə ki, 68-BC-455 dövlət nömrə nişanlı "VAZ 2107" markalı avtomobillə 68-BB-655 dövlət nömrə nişanlı "NAZ-Lifan" markalı" avtomobilin toqquşması nəticəsində 3 nəfər – “VAZ”ın sürücüsü Nəvai Həsənov, onun həyat yoldaşı Tamara Həsənova və onların azyaşlı övladları Alparslan Həsənov hadisə yerində həyatlarını itiriblər. Ailənin digər övladı İnci Həsənova və "NAZ-Lifan" markalı avtomobilinin sürücüsü Rəşad Məmmədov isə yaralı halda Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri ağırdır.
Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, ilkin araşdırma zamanı müəyyən edilib ki, Şərur rayon sakini Rəşad Məmmədov idarə etdiyi “Lifan” markalı avtomobillə hərəkətdə olarkən, hazırda istintaqa məlum olmayan səbəbdən idarəetməni itirərək qarşıdan gələn nəqliyyat vasitəsinin hərəkət zolağına çıxıb və həmyerlisi Nəvai Həsənovun idarə etdiyi “VAZ” markalı avtomobillə toqquşub.
Nəticədə Nəvai Həsənov və sərnişinləri - həyat yoldaşı və azyaşlı övladı hadisə yerində həlak olub, 7 yaşlı qızı, eləcə də R.Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
“Bir ailənin məhvinə səbəb olan bu ağır yol-nəqliyyat hadisəsi dərin təəssüf hissi doğurmaqla yanaşı, sükan arxasında verilən yanlış qərarların hansı faciələrə səbəb olduğunu növbəti dəfə nümayiş etdirir. Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edərək onları yol hərəkəti qaydalarına ciddi əməl etməyə, təkcə özlərinin deyil, doğmalarının və digər hərəkət iştirakçılarının həyat və sağlamlığını təhlükəyə atmamağa çağırır”, - deyə məlumatda vurğulanıb.



