
Gürcüstanın Telavi şəhəri güclü leysan yağışlarından sonra su altında qalıb. Yerli hakimiyyət orqanları təbii fəlakət nəticəsində şəhərə ciddi ziyan dəydiyini bildiriblər.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, suyun səviyyəsinin kəskin artması nəticəsində Telavisxevi çayı məcrasından çıxıb və şəhərin bir neçə küçəsini su basıb. Daşqın yaşayış binalarının birinci mərtəbələrini, aptekləri və mağazaları da su altında qoyub.
Bundan başqa, torpaq sürüşməsi nəticəsində Telavidəki körpülərdən biri dağılıb. Təbii fəlakət səbəbindən şəhərdə qaz və elektrik enerjisinin verilişində də fasilələr yaranıb.
Hazırda əraziyə xüsusi texnika cəlb olunub və fəsadların aradan qaldırılması üçün operativ qərargah yaradılıb.