
Göygöldə keçirlən Milli Yaylaq Festivalında quraşdırılmış çardaq uçaraq ərazidə olan insanların üzərinə aşıb.
“Qafqazinfo” xəbər verir ki, əraziyə təcili tibbi yardım briqadaları və aidiyyəti dövlət qurumlarının əməkdaşları cəlb olunub.
Polis əməkdaşları ərazidə xəsarət alanların təxliyə olunması, nəqliyyət vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsi istiqamətində zəruri tədbirlər görüblər.
Məlumata görə, hadisə nəticəsində 1968-ci il təvəllüdlü Həmayə Fətullayeva, 8 yaşlı D. A (Ad şərtidir), 1975-ci il təvəllüdlü Təranə Cəfərova, 1990-cı il təvəllüdlü Aytəmiz Oruci, 1999-cu il təvəllüdlü Əli Məmmədzadə, 1968-ci il təvəllüdlü Nailə İsmayılova, 1998-ci il təvəllüdlü Kamran Zeynalov və 1997-ci il təvəllüdllü Vüsət Zeynalov Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.




Senzor.az bildirir ki, iyulun 25-də Göygöl rayonunun Yeni Zod kəndi ərazisində yerləşən “Xan Yurdu” etnoqəsəbəsində V Milli Yaylaq Festivalının açılış mərasimi olub.
Mərasimdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Gənclər və idman naziri Fərid Qayıbov və Milli Yaylaq Festivalının layihə rəhbəri Müzadil Həsənov çıxış ediblər.
Rəsmi çıxışlardan sonra tədbir konsert proqramı ilə davam edib.
Xatırladaq ki, rəsmi açılışdan bir gün əvvəl start götürən festival ənənəvi olaraq bu il beşinci dəfə təşkil olunur.
Tədbir Göygöl Rayon İcra Hakimiyyətinin, Gənclər və İdman Nazirliyinin, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA), Dünya Etnoidman Konfederasiyasının və digər tərəfdaş qurumların dəstəyi ilə “Cavad Xan” Tarix və Mədəniyyət Fondu və “KAP.AZ” MMC-nin birgə təşəbbüsü əsasında keçirilir.
Festival çərçivəsində ziyarətçilər üçün xalçaçılıq nümunələrinin sərgisi, sənətkarlıq guşəsi, oxatma, atçılıq, zorxana kimi milli idman növləri, etnospor üzrə məşqlər, uşaqlar üçün əyləncə məkanları, konsert proqramları, aşıq musiqisi və folklor çıxışları təşkil edilib.
Bundan başqa, yorğa atlarının nümayişi, kəndirbazların və alov püskürənlərin çıxışları, eləcə də milli mətbəx nümunələrinin təqdim olunduğu “Yaylaq süfrəsi” festival iştirakçılarının ixtiyarına verilib.