
Qara dənizdə Odessa limanı yaxınlığında göyərtəsində azərbaycanlı dənizçilərin olduğu quru yük gəmisi dron hücumuna məruz qalıb.
Senzor.az bildirir ki, bu barədə KİV-ə "Azərbaycan Dənizçilərinə Dəstək" İctimai Birliyindən rəhbəri İlham Nəsirov məlumat verib.
Qeyd olunub ki, Panama bayrağı altında üzən və "Albatros Corporation" şirkətinə məxsus olan "ATA 2" adlı quru yük gəmisinə 3 pilotsuz uçuş aparatı (PUA) ilə hücum edilib.
Zərbələr nəticəsində gəmiyə ciddi ziyan dəyib. Qeyd olunub ki, gəminin heyəti 13 nəfərdən ibarətdir. Onlardan 12 nəfəri Azərbaycan, 1 nəfəri isə Türkiyə vətəndaşı olan dənizçilərdir.
Hücum zamanı xəsarət alan və ya həyatını itirən olmayıb. Hazırda gəmi heyəti təhlükəsizlik məqsədilə Rumıniyanın Sulina şəhərindədir.