
Moskvanın mərkəzindəki Kudrinskaya meydanında yerləşən “Balzi Rossi” restoranında törədilən terror aktı nəticəsində ölənlərin sayı beşə çatıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, terror aktının iki qurbanı xəstəxanada ölüb.
Altıdan çox insanın vəziyyətinin ağır olduğu, həkimlərin onların həyatlarını xilas etmək uğrunda mübarizəni davam etdirdikləri bildirilir.
Xatırladaq ki, avqustun 1-də “Balzi Rossi” restoranında partlayış baş verib. Rusiya Milli Terrorla Mübarizə Komitəsinin məlumatına görə, naməlum bir qadın müəssisəyə əldəqayırma partlayıcı qurğu keçirməyə cəhd edib. Təhlükəsizlik işçisi onu girişdə saxlayıb və həmin an partlayış baş verib.
Mühafizəçi, müştərilərdən biri və partlayıcı qurğunu gətirən qadın hadisə yerində həlak olublar. Hadisənin başvermə səbəbləri araşdırılır.
İlkin araşdırmalara əsasən ehtimal etmək olar ki, hücumun əsas hədəfi Rusiya Hava-Kosmik Qüvvələrinin Baş Komandanı Aleksandr Çayko ola bilərdi. Rusiya Teleqram kanallarının iddiasına görə, restoran həmin gün özəl banket üçün bağlanmışdı və böyük ehtimalla 55 yaşı iyulun 27-də tamam olmuş generalın ad günü qeyd olunurdu.
Müxalif bloger Yan Matveyev isə xatırladıb ki, avqustin 1-i həm də Hava-Desant Qoşunlarının general-mayoru Vladimir Seliverstovun və Müdafiə Nazirliyi Nəqliyyat Təminatı Departamentinin rəisi, general-leytenant Aleksandr Yaroşeviçin ad günləri olub. Amma onların orada olub-olmadıqları barədə heç bir məlumat verməyib.
**21:53 (01.08.2026)

Rusiyanın paytaxtı Moskvanın mərkəzindəki Kudrinskaya meydanında yerləşən “Balzi Rossi” restoranında partlayış baş verib.
Senzor.az-ın yerli KİV-ə istinadən məlumatına görə, ölkənin Milli Terrorla Mübarizə Komitəsinin Məlumat Mərkəzindən bildirilib ki, restoranda əldəqayırma partlayıcı qurğu partladılıb.
“Əldəqayırma partlayıcı qurğunun partladılması nəticəsində 3 nəfər həlak olub, 21 nəfər yaralanıb. Ölənlərdən biri partlayıcı qurğunu restorana keçirməyə cəhd etməkdə şübhəli bilinən naməlum qadının qarşısını alan mühafizəçi, digərləri isə həmin qadın və müştəridir", - deyə məlumatda vurğulanıb.
Şahidlərin dediyinə görə, partlayış zamanı restoranda təxminən 50 nəfərin iştirak etdiyi qapalı məclis keçirilirmiş.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri həyata keçirilir.