
Qırğızıstanda seçkilərdən öncə ölkənin cənubunda qırğızlar və özbəklər arasında millətlərarası münaqişə yaratmağa cəhd edə bilərlər.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Qırğızıstan Prezidenti Sadır Japarovun noyabrın 12-də yayımlanan müraciətində belə deyilir.
Japarov qeyd edib ki, ona vicdansız siyasətçilərin iğtişaşlara və səsvermənin pozulmasına səbəb ola biləcək təxribat xarakterli şayiələr və bəyanatlar yaymaq planlarını müzakirə etdikləri barədə məlumat daxil olub.
"Özbəklər və qırğızlar arasında münaqişə yaratmaq üçün insanların hissləri ilə oynayan və onların milli qüruruna toxunan yalan şayiələr yaymaq kifayətdir", - o qeyd edib.
Japarov hər iki millətdən olan dinc sakinlərin ölümü ilə nəticələnən 1990 və 2010-cu illərin faciəvi hadisələrini xatırladıb. O, qırğızıstanlıları təxribatlara uymamağa, əsassız məlumatları yaymamağa və millətlərarası nifrətin təşviqinə yol verməməyə çağırıb.
Prezident həmçinin bildirib ki, Qırğızıstanın iğtişaşların qarşısını operativ şəkildə almaq üçün kifayət qədər güc və imkanları var, eyni zamanda münaqişə yaranacağı təqdirdə dinc sakinlərin qaçılmaz olaraq zərər görəcəyini vurğulayıb. O, təxribat xarakterli bəyanatlar və ya hərəkətlər barədə məlumatı olan vətəndaşları dərhal Dövlət Milli Təhlükəsizlik Komitəsinə, Daxili İşlər Nazirliyinin ərazi bölmələrinə və ya yerli hakimiyyət orqanlarına xəbər verməyə çağırıb.
Qeyd edək ki, Qırğızıstanda prezident seçkiləri 2027-ci il yanvarın 27-də keçiriləcək. Mərkəzi Seçki Komissiyasına dövlət başçısı postuna iddialı 10 nəfər müraciət edib. (Bax: https://www.youtube.com/watch?v=orFH13PTUbk)