
General-mayor Natiq Əliyevin mediator qızı Türkər Əliyeva saxlanılıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumatına görə, general qızı xüsusilə külli miqdarda dələduzluqda və nüfuz alverində şübhəli bilinir.
İttihama görə, Türkər Əliyeva torpaq sahəsinin sənədləşdirilməsinə kömək etmək adı ilə bir nəfərdən külli miqdarda pul alıb. O, vətəndaş şikayəti əsasında prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub, dünən gecədən istintaq nəzarətindədir.
Hələlik onun barəsində məhkəmə qərarı yoxdur. Təqsirləndirilən şəxs qismində cəlb edilərsə, gün ərzində hakim qarşısına çıxarılacaq.
T.Əliyevanın şübhəli bilindiyi Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda dələduzluq) maddəsində 500 min manatdan çox ziyan vurmaq nəzərdə tutulur. Əməlin cəzası 10 ildən 14 ilə kimi həbsdir.
Qeyd edək ki, Türkər Əliyeva Müdafiə Nazirliyi Mərkəzi Ordu İdman Klubunun, sonradan isə eyni nazirliyin Tibb xidmətinin rəisi işləmiş general-mayor Natiq Əliyevin qızıdır.
General qızı bir müddətdir müxtəlif qalmaqallarla medianın gündəmindədir. Bu yaxınlarda o, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsində idarə rəisi və bir əməkdaşın ona qarşı qanunsuzluq və təhqirlərə yol verdiyini iddia etmişdi. Sonradan həmin idarə rəisi vəzifəsindən azad edilib.
**
General Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
“Qafqazinfo”nun əldə etdiyi yeni məlumata görə, Türkərdən şikayət edən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini general-mayor Ceyhun Rzayevdir. O, uzun illər ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyində (MTN) işləyib.
Türkər Ceyhun Rzayevin şikayəti əsasında şübhəli şəxs qismində tutulub.
Sayt məsələ ilə bağlı Türkərin vəkili Hikmət Əliyevlə də əlaqə saxlayıb. Vəkilin sözlərinə görə, müdafiə tərəfi olaraq ittihamı qəbul etmirlər və zəruri sübutlarını təqdim edəcəklər: “Hazırda ölkə xaricindəyəm. Amma işdən tam xəbərim var. Onu deyə bilərəm ki, bu, mülki xarakterli bir məsələdir, cinayət faktı yoxdur. Bütün sübutlarımızı istintaq orqanına və məhkəməyə təqdim edəcəyik”.