Rusiyanın “Vaqner” Xüsusi Hərbi Şirkətinin qurucusu Yevgeni Priqojın Sankt-Peterburqda keçirilən Rusiya-Afrika sammitinin iştirakçıları arasında görünüb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Mərkəzi Afrika Respublikasında fəaliyyət göstərən “Rusiya evi”nin başçısı Dmitri Sıtının yaydığı foto da bunu təsdiqləyir.
Fotoda Y.Priqojın Afrika dövlətlərindən birinin başçısının əlini sıxır.
Bu arada Rusiyanın bəzi Telegram kanalları Yevgeni Priqojinin Rusiya Prezidenti Vladimir Putinin sabah verəcəyi xüsusi şam yeməyində iştirak edəcəyi barədə məlumat yayıblar.
“Priqojin hazırda Sankt-Peterburqdadır və Afrika dövlətlərinin başçıları ilə məxfi görüşlər keçirir. Ola bilsin ki, Priqojin sabah forumda olacaq və Putinin verdiyi xüsusi şam yeməyində iştirak edəcək. Bununla belə, hakimiyyət dövlət xəbər agentliklərinə Priqojinin forumda iştirakını xatırlatmamağı tapşırıb”, - deyə Rusiyanın bəzi Teleqram kanalları məlumat paylaşıblar.
Qeyd edək ki, iyunun 24-də Rusiyada qiyama cəhddən sonra onun məskunlaşdığı yer barədə müxtəlif fikirlər səsləndirilib. Hətta onun həbs olunması, Belarusda olması barədə məlumatlar yayılıb.
Xatırladaq ki, Rusiyanın Sankt-Peterburq şəhərində ikinci Rusiya-Afrika sammiti keçirilir. Tədbir iyulun 28-də başa çatacaq. Toplantıda Afrikanın 54 dövlətindən 17-si iştirak edir. 2019-cu ildə Soçidə keçirilən birinci sammitdə Afrikanın 43 ölkəsi iştirak etmişdi.