Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) prezidenti xanım Mirjana Spoljariç Eqqerə açıq məktub ünvanlayıb.
"Report" xəbər verir ki, məktubda Azərbaycanın vətəndaş cəmiyyətinin təmsilçilərinin BQXK-nin Azərbaycandakı fəaliyyətindən ciddi narahatlıqları ifadə olunub.
30 ildən çoxdur bu beynəlxalq təşkilatın Azərbaycanda fəaliyyət göstərdiyini xatırladan vətəndaş cəmiyyəti təmsilçiləri BQXK-nin mandatını və missiyasını çox vacib hesab etdiklərini bildiriblər:
"Amma təəssüf hissi ilə bildirməliyik ki, 4 min nəfərə yaxın azərbaycanlı Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində itkin düşsə də, ötən 30 illik dövr ərzində onların aqibəti, taleyi barədə Beynəlxalq Qırmızı Xaç Komitəsinin nəzərəçarpacaq uğurları olmayıb. Minlərlə ailə hələ də közərən ümidlə xəbər gözləyir.
90-cı illərdə Beynəlxalq Qırmızı Xaç Komitəsi 54 nəfər azərbaycanlı əsirlə bağlı izə düşmüş, Ermənistan tərəfi ilə dialoq nəticəsində onlardan 17 nəfərinin meyitlərini alaraq Azərbaycan tərəfinə təhvil vermişdi. Ancaq həmin siyahı üzrə 37 nəfərin taleyi hələ də bilinmir. Onlar sağdılar, yoxsa öldürülüblər, öldürülüblərsə, meyitləri niyə ailələrinə təhvil verilməyib? Beynəlxalq Qırmızı Xaç Komitəsi niyə bu məsələ ilə yaxından məşğul olmur? Axı, Azərbaycan tərəfi ilə Beynəlxalq Qırmızı Xaç Komitəsi arasında həmin 54 nəfərin əsirlikdə olduğunu təsdiq edən yazışmalar indi də qalır".
Məktubda qeyd edilib ki, BQXK özünü müstəqil, bitərəf və qərəzsiz təşkilat hesab edir. Ancaq Azərbaycana münasibətdə bu əsas prinsiplərin pozulması başadüşülən deyil:
"2000-ci illərdə Beynəlxalq Qırmızı Xaç Komitəsi Azərbaycan hökuməti ilə razılaşdırmadan onun suveren ərazisi olan Xankəndidə ofis təşkil etdi və bu barədə qondarma, separatçı rejimlə “saziş” imzaladı. Azərbaycan tərəfinin dəfələrlə rəsmi müraciətlərinə baxmayaraq, həmin “saziş” konfidensiallıq adı altında gizlədildi, təqdim edilmədi. Sonradan məlum oldu ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Xankəndi ofisi təşkilatın Bakıdakı nümayəndəliyinə deyil, İrəvandakı nümayəndəliyinə tabe etdirilib".
Azərbaycan vətəndaş cəmiyyətinin təmsilçiləri vurğulayıb ki, həmişə müstəqil və bitərəf qalmalı olan BQXK-nin bu davranışını onun tərəf tutması kimi qəbul edirlər:
"2020-ci ildə 44 günlük müharibədən sonra da bu vəziyyətin dəyişmədən qalması dözülməzdir. Biz Azərbaycan Prezidenti İlham Əliyevin bu günlərdə Şuşada “Euronews” televiziya kanalına müsahibəsində səsləndirdiyi kimi, Xankəndi ofisinin məhz Bakıdakı nümayəndəliyə tabe etdirilməsini tamamilə haqlı, legitim tələb hesab edirik. Biz bu günlərdə Laçın postunda Beynəlxalq Qırmızı Xaç Komitəsinin avtomobilində aşkar edilmiş, 1991-ci ildə Meşəli soyqırımını törətmiş müharibə cinayətkarlarından biri olan Vaqif Xaçaturyan ilə əlaqədar Meşəli soyqırımı qurbanlarının beynəlxalq ictimaiyyətə Açıq Məktubunda yer alan fikirləri də dəstəkləyirik. Biz də Meşəli sakinləri ilə eyni fikirdəyik ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin bayrağı və avtomobilləri müharibə cinayətkarlarının sığınacaq yeri olmamalıdır, bu, onlara heç bir toxunulmazlıq və hüquqi immunitet verə bilməz. Beynəlxalq humanitar hüquq da buna qarşıdır".
"Xanım prezident!
Biz Beynəlxalq Qırmızı Xaç Komitəsinin emblemi altında olan yük və təcili tibbi yardım maşınlarının Laçın postunda yoxlanılması zamanı onların içərisində qaçaqmalçılıqla keçirilməsi aşkar olunan benzin, siqaret, mobil telefon qutularının olmasından dəhşətə gəlmişik.
Biz həm də Beynəlxalq Qırmızı Xaç Komitəsini son vaxtlar Ermənistanın manipulyasının alətinə çevrilməməyə, ədalətsiz açıqlamalar verməməyə çağırırıq. Qarabağ Azərbaycan ərazisi olduğu üçün Bakıdakı nümayəndəliyiniz Ağdam-Xankəndi yolu vasitəsilə humanitar yükləri çatdıra bilər. Xankəndinə Ağdamdan yol İrəvandan daha qısadır. Bu həm də nəqliyyat xərclərinə əhəmiyyətli dərəcədə qənaət etməyə imkan verə bilər.
Beynəlxalq Qırmızı Xaç Komitəsindən Xankəndi ofisinin tamamilə Bakı nümayəndəliyinə tabe etdirilməsini gözləyirik. Beynəlxalq Qırmızı Xaç Komitəsi öz fəaliyyətini Azərbaycan dövlətinin suverenliyi və ərazi bütövlüyünə uyğun şəkildə qurmalıdır. Biz sizdən həm də itkinlər mövzusunda Ermənistan tərəfi ilə dialoqun gücləndirilməsini gözləyirik.
İnanırıq ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi mümkün olan ən qısa bir vaxtda ictimai narahatlıqlarımızı nəzərə alaraq, məsələləri Cenevrədəki baş ofisində gündəliyinə çıxaracaq, konstruktiv qərarlar qəbul edəcək və Azərbaycanla bağlı fəaliyyətində zəruri düzəlişlərə gedəcək", - məktubda bildirilib.
Məktubu aşağıdakı şəxslər imzalayıb:
1. “Qarabağ itkin ailələri” İctimai Birliyinin sədri Könül Behbudova
2. “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri Xatirə Vəliyeva
3. "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə
4. Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması İctimai Birliyinin sədri Azər Allahverənov
5. "Prioritet" Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimli
6. “Sağlamlığa Xidmət” İctimai Birliyinin icraçı direktoru Pərvanə Vəliyeva
7. "Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları" İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə
8. “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova
9. "Erməni təcavüzünün tanıdılması" İctimai Birliyinin sədri Səriyyə Cəfərova
10. "Müvəkkil Hüquq Mərkəzi" İctimai Birliyinin sədri Səməd Vəkilov
11. "Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyinin sədri Hafiz Səfixanov
12. “Elmi Araşdırmalar” İctimai Birliyinin sədri Telman Qasımov
13. "Hüquqi Təhlil və Araşdırmalar" İctimai Birliyinin sədri Ramil İskəndərli
14. “Bakı Natiqlik Məktəbi” ictimai birliyinin sədri Elçin Mirzəbəyli
15. Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyinin sədri Xalid Kazımov
16. “Cəmiyyətin İnkişafı Mərkəzi” ictimai birliyinin sədri Əhməd Abbasbəyli
17. "Ortaq Dəyərlər" İctimai Birliyinin sədri Aqil Camal
18. “Vətəndaşların Sosial Rifahı Naminə” ictimai birliyinin sədri İradə Rzazadə
19. Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun sədri Rauf Zeyni
20. "Qayıdış və Dirçəliş Naminə Gənclər Təşkilatı" ictimai birliyinin sədri Vüqar Qədirov