Son aylar İranla Əfqanıstan arasında yaranmış gərginlik daha da artıb.
ABŞ-ın məşhur "Bloomberg" nəşri məhz bu arada mövzu ilə bağlı diqqət çəkən məqalə dərc edib. Anonim mənbə Amerikanın xəbər agentliyinə bildirib ki, “Taliban” yüzlərlə kamikadze ilə İranla yarana biləcək mümkün su münaqişəsinə hazırlaşır.
Nəşr xatırladıb ki, may ayının ortalarında İran prezidenti İbrahim Rəisi “Taliban”ın ünvanına su problemləri ilə bağlı təhdid xarakterli fikirlər səsləndirmişdi. O, Sistan və Bəluçistan əyalətində səfərdə olarkən Hirmənd çayından İrana çatan su haqqının ötürülməməsi ilə bağlı Əfqanıstan rəsmilərinə sərt şəkildə xəbərdarlıq edərək demişdi ki, "Əfqanıstan su razılaşmasına əməl etməlidir, əks təqdirdə bunun mənfi nəticələri ilə üzləşəcəklər".
“Taliban”ın tanınmış simalarından biri olan general Mobin isə bu bəyanata 20 litrlik su qabını əlinə alaraq istehzalı şəkildə səsləndirdiyi fikirlərlə cavab vermişdi: "Sən Allah, bizə hücum etmə, qorxuruq!" O, Rəisiyə sərt ultimatumlar verməməyi məsləhət görmüşdü.
Bu qalmaqallı açıqlamalardan bir həftə sonra isə iki ölkənin sərhədində atışma baş verdi. Nəticədə iki iranlı sərhədçi və bir “Taliban” hərbçisi öldürüldü: "Proseslərlə yaxından tanış olan və qruplaşmaların döyüşə hazır olduğunu deyən etibarlı mənbənin sözlərinə görə, “Taliban” bölgəyə minlərlə əsgər və yüzlərlə kamikadze göndərib".(Azvision.az)