Məşhur erməni bloqer qarabağlı ermənilərə səsləndi: “BU YARAMAZLARA İNANMAYIN!"

Azərbaycanın Xankəndi şəhərindəki separatşı-terrorçu rejimin başçısı Araik Arutyunyan bəyanat yayıb.

 

A.Arutyunyan bəyanatında son günlər Azərbaycana “beynəlxalq təzyiqin” əhəmiyyətli dərəcədə artmasından sevincini ifadə edib.

 

Onun sözlərinə görə, xüsusilə Ermənistan Respublikasının BMT Təhlükəsizlik Şurasının Baş katibinə Təhlükəsizlik Şurasının təcili iclasının çağırılması xahişi ilə məktub göndərməsi alqışlanandır: “BMT-nin bir qrup ekspertinin Laçın yolunun açılmasının və bütün insanların təhlükəsizliyinin və rifahının təmin edilməsinin zəruriliyini vurğulayan bəyanatı da alqışlanasıdır. Mənim beynəlxalq ictimaiyyətə son mesajım və Beynəlxalq Cinayət Məhkəməsinin birinci baş prokuroru Luis Moreno Okamponun hesabatı beynəlxalq mediada böyük əks-səda doğurdu. Nəticədə onlarla aparıcı media mövcud vəziyyətə istinad edərək “artsax hakimiyyəti”nin və aparıcı ekspertlərin “davam edən soyqırım”la bağlı qiymətləndirmələrini və müraciətlərini təqdim ediblər”.

 

Rəsmi İrəvanın "qarabağlı ermənilərin vəziyyəti ilə bağlı" BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını tələb etməsi faktiki olaraq Ermənistanın danışıqlar prosesini maksimum dərəcədə ləngitmək və hətta prosesdən kənarlaşmağa cəhdi kimi dəyərləndirilə bilər.

 

Qarabağlı ermənilərin Azərbaycana reinteqrasiyası ilə bağlı danışıqlardan boyun qaçırmaları, rəsmi Bakının müzakirələr üçün Yevlaxda görüş keçirilməsi təklifini Xankəndidəki separatçı rejimin qəbul etməməsi və sonucda İrəvanın BMT TŞ ilə bağlı tələbi - bütün bunlar məntiqi ardıcıllıq təsiri bağışlayır.

 

Halbuki Azərbaycan XİN müəyyən razılaşmaların olduğu haqda məlumat yaymışdı. Bildirilirdi ki, beynəlxalq tərəfdaşların səyləri nəticəsində Ağdam-Xankəndi yolundan BQXK tərəfindən yüklərin daşınması üçün istifadə olunması və bundan 24 saat sonra Laçın yolundan BQXK vasitəsilə keçidin daha da intensivləşməsinə dair razılıq vardı. Bununla yanaşı, Yevlaxda Azərbaycanın nümayəndələri ilə Qarabağda yaşayan erməni sakinlərin nümayəndələri arasında görüşün keçirilməsi razılaşdırılmışdı və logistik məsələlər yekunlaşmışdı. Bütün bu razılıqlara baxmayaraq, Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri razılıqları son anda pozdu.

 

Səbəb artıq aydındır: Azərbaycanın təklifini "torpedo atəşi"nə tutan bir sıra dövlətlər, beynəlxalq təşkilatlar və siyasətçilər Ermənistana tam dəstək verərək rəsmi İrəvanı yekun sülh sazişinin imzalanması prosesində daha aqressiv, radikal mövqe tutmağa sövq edirlər.

 

Onlar İrəvandan Bakı ilə danışıqlarda və müzakirələrdə mümkün qədər qeyri-konstruktiv davranmağı tələb edirlər: məqsəd problemin həll müddətini uzadaraq İrəvanla yanaşı, Bakıya da təsir və təzyiq rıçaqlarına yiyələnməkdir.

 

Xankəndidəki separatçı rejimə siyasi dəstək verilməsi, qarabağlı ermənilərin guya aclığa, humanitar fəlakətə məruz qalmalarını şüarçılıqla təkrarlamaq, “Laçın yolunun dərhal açılması”nı istəyərək “Azərbaycanın tətbiq etdiyi blokadanın dayandırılması”nın istənilməsi təbii ki, qarabağlı erməni separatçılarını ruhlandırır.

 

Nikol Paşinyan administrasiyasının davranış modelini, bəhs etdiyimiz dövlətlərlə təşkilatların olmayan blokadadan və humanitar fəlakətdən danışmalarını qarabağlı erməni separatçıları mübarizəni davam etdirmək, daha ciddi müqavimət göstərmək mesajları qismində qəbul edirlər.

 

Qarabağlı erməni separatçılarını ümidləndirənlər, onlara vədlər verənlər əsas hədəf qismində Azərbaycanın ərazi bütövlüyünü və suverenliiyni görürlər.

 

Nikol Paşinyanın komandası ilə Xankəndidəki xuntanı tamamilə yeni, təhlükəli oyuna cəlb edənləri qarabağlı ermənilərin taleyi qətiyyən maraqlandırmır.

 

Onlar üçün həmin şəxslər sadəcə, geosiyasi ssenarilərdə kütlə, hədəfə çatmaq üçün vasitədir.

 

Ermənilərin bəziləri bunu anlamağa başlayıblar.

 

Məsələn, populyar erməni bloqer Roman Baqdasaryan son videomüraciətində qarabağlı ermənilərin bəzi dövlətlərin Cənubi Qafqazla bağlı çirkin oyunlarında alətə döndərildiklərini bəyan edib.

 

“Başda Araik Arutyunyan olmaqla, Xankəndidə özünü hakimiyyət adlandıran cinayətakar dəstə adi qarabağlı ermənilərin taleyini və gələcəyini siyasi alver mənbəyinə çeviriblər. Əslində, onlar sözün hərfi mənasında da alverçilərdir. Araik Arutyunyanın Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində çoxlu mənzilləri, Rusiyanın Krasnodar və Stavropol diyarlarında otelləri, istirahət mərkəzləri, Moskva və Sankt-Peterburq şəhərlərində şirkətləri, Tula və Yekaterinburq vilayətlərində zavodları var. Qarabağlı ermənilərin əvvəlki rəhbərləri də belə cinayətkarlar olublar”, - Roman Baqdasaryan deyib.

 

Onun sözlərinə görə, qarabağlı ermənilərin blokada, aclıq və humanitar fəlakətə məruz qalmaları ilə bağlı deyilənlər də ağ yalandır.

 

”Heç bir aclıq və humanitar fəlakət yoxdur. Qarabağlı ermənilər keflərindən qalmırlar. Toy edirlər, ad günləri keçirirlər, restoranlarda və gecə klublarında əylənirlər. Blokada ilə humanitar fəlakətlə bağlı yalanlar onlardan istifadə edən dövlətlərlə təşkilatların, qruplarla siyasətçilərin maraqlarına xidmət edən oyunbazlıqdır”, - R.Baqdasaryan vurğulayıb.

 

Erməni bloqer daha sonra bildirib ki, qarabağlı ermənilərdən ən müxtəlif qüvvələr istifadə edir: ”Daşnaklar qarabağlı ermənilərə yardım və dəstək adı ilə milyonlarla dollar qazanırlar, Rusiya Ermənilər İttifaqı və bu qurumun rəhbəri Ara Abramyan şüarlar deyərək biznesini inkişaf etdirir, Erməni Apostol Kilsəsi isə qarabağlı ermənilərlə bağlı hay-küyə gəlir mənbəyi kimi baxır. Biabırçılıq o həddə çatıb ki, Rusiyaya qaçan qarabağlı erməniləri orada batalyona yığıb Ukraynaya döyüşməyə göndərirlər. Alçaqlığın səviyyəsinə baxın - qarabağlı erməni Rusiya qoşunlarının tərkibində Ukrayna qoşunlarına qarşı vuruşur, halbuki Ukrayna ordusunda yerli ermənilər də var. Yəni qarabağlı ermənilər Ukraynada ukraynalı erməniləri öldürməyə göndərilir. Belə şərəfsizlik, belə əclaflıq olarmı?!”

 

Erməni bloqerin sözlərinə görə, ən müxtəlif əcnəbi təşkilatlar, siyasətçilər və s. vasitəsilə guya qarabağlı ermənilərin humanitar fəlakətlə, aclıqla üzləşmələri barədə Azərbaycana qarşı bəyanatlar, açıqlamalar, məqalələr və sosial şəbəkələrdə paylaşımlar əslində heç bir nəticə verməyəcək. Belə kampaniyanın real sonucu sıfıra bərabərdir: “Qlobal geosiyasətin, dünya birliyinin ermənilər vecinə də deyil. Baxın Ukraynaya. Olmaya xəyal edirsiniz ki, dünya ukraynalılar barədə düşünür? Xeyr! Qərb yalnız ukraynanılara silah və hərbi texnika verir ki, öz ölkələri uğrunla vuruşsunlar. Bu nəyə dəlalət edir? Ona ki, dünya bizə açıq messic verir - qoy, Azərbaycan və Ermənistan rəhbərləri necə yaşayacaqlarına özləri qərar versinlər, anlaşsınlar”.

 

Roman Baqdasaryan vurğulayıb ki, qarabağlı erməni separatçıların liderləri mütəşəkkil cinayətkar qruplaşmadır: ”Bu cinayətkarların Ermənistan rəhbərliyinə hər hansı irad bildirməyə haqları yoxdur! Onların sifətlərinin dərisi ayaqqabı altlığından da möhkəmdir. Mənəviyyətsiz, əxlaqsız insanlardır onlar! Rusiyadakı bəlli qüvvələr tərəfindən idarə olunan kriminal elementlər qarabağlı erməniləri girov kimi saxlayıb öz məqsədləri üçün istifadə edirlər. Onlar həm də axmaq yaramazlardır. Bütün dünya Rusiyanın göstərişlərini yerinə yetirən bu yaramazlara, Qarabağdakı oyuncaq rejimə nifrət edir. Axı nə qədər axmaq olmalısan ki, Fransaya müraciət edərək rusiyalı sülhməramlılara mandat verilməsini istəyəsən… Fransaya - Ukraynanı dəstəkləyən, Rusiyaya qarşı vuruşmaq üçün Ukraynaya silah və hərbi texnika verən bir ölkəyə”.

 

O daha sonra bildirib ki, qarabağlı ermənilər tarixi unutmasınlar - daşnakların xəyanətlərinə və murdar əməllərinə uyaraq silaha əl atan ermənilər belə qərarlarınadək Osmanlı Türkiyəsində çox yaxşı yaşayırdılar.

 

… Roman Baqdasaryan adi bloqer, yaxud Ermənistanın baş naziri Nikol Paşinyanın administrasiyasının nəzarətindəki şəxs kimi qəbul oluna bilər.

 

Mümkündür.

 

Lakin onun qarabağlı erməni separatçıları və onların rəhbərləri barəsində dedikləri gerçəkdir.

 

Qarabağlı ermənilər qəflət yuxusundan ayılıb kimlər tərəfindən və necə idarə olunduqlarını anlasalar, bəlkə vəziyyət bir qədər dəyişə…

 

Elçin ALIOĞLU(Trend)






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.