Rusiyanın “Vaqner” Özəl Hərbi Şirkətinin (ÖHŞ) rəhbəri Yevgeni Priqojin Afrikadan video çəkərək “qitənin azadlığı uğrunda mübarizədən” danışıb.
Müvafiq video bazar ertəsi, avqustun 21-də Telegram kanallarında yayılıb.
“İşləyirik, temperatur +50 dərəcədir, hər şey istədiyimiz kimidir. "Vaqner" ÖHŞ kəşfiyyat və axtarış işləri aparır, Rusiyanı daha da əzəmətli, Afrikanı isə daha da azad edir. Biz Afrika xalqları üçün ədalət və xoşbəxtlik, İŞİD, Əl-Qaidə və digər qanqsterlər üçün kabusuq”, - deyə Priqojin bildirib.
“Vaqner”in rəhbəri könüllüləri “Afrikanın azadlığını müdafiə etmək” üçün onların sıralarına qoşulmağa çağırıb.
"Biz əsl qəhrəmanları işə götürürük və bizə tapşırılan və həll etməyə söz verdiyimiz vəzifələri yerinə yetirməyə davam edirik", - deyə Prigojin vurğulayıb.
Xatırladaq ki, iyulun sonunda Priqojin şirkətin yeni muzdluların işə götürülməsini dayandırdığını, “Vaqner”in Afrikada və Belarusun təlim mərkəzlərində işləməyə davam etdiyini bildirmişdi.