Milli Məclis (MM) Xanlar Vəliyevin Konstitusiya Məhkəməsinin hakimi təyin olunmasını təsdiqləyib.
Senzor.az bildirir ki, bununla bağlı parlamentin bugünkü plenar iclasında müzakirə aparılıb.
Bildirilib ki, Prezident İlham Əliyevin təqdimatı əsasında Xanlar Vəliyevin Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsi təklif olunub.
Sənəd səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib.
Daha sonra Xanlar Vəliyev Konstitusiya Məhkəməsinin hakimi kimi Milli Məclisdə and içib: “Konstitusiya Məhkəməsinə hakim təyin olunmağımla bağlı Milli Məclisə müraciət etdiyinə görə möhtərəm Prezidentə dərin minnətdarlığımı bildirirəm.
Eyni zamanda, sədr və millət vəkillərinə mənim bu vəzifəyə seçilməyimlə bağlı səs verdiklərinə görə təşəkkürümü bildirirəm.
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin hakimi səlahiyyətlərini şərəf və vicdanla yerinə yetirəcəyimə, Azərbaycan Respublikası Konstitusiyasının aliliyini qoruyacağıma, məsələləri müstəqil, qərəzsiz və ədalətlə həll edəcəyimə and içirəm”.
Qeyd edək ki, 2005-ci ildən Azərbaycanın hərbi prokuroru olan Xanlar Vəliyev aprelin 8-də təqaüdə göndərilib.