Ermənistanla Türkiyə Ani körpüsünün bərpası məsələsini müzakirə ediblər.
APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Ermənistanla əlaqələrin normallaşması üzrə xüsusi nümayəndəsi Sərdar Kılıç deyib.
O bildirib ki, Antalya Diplomatiya Forumu çərçivəsində Türkiyə və Ermənistan xarici işlər nazirləri səviyyəsində görüşün olacağını təxmin edir: “Ruben Rubinyanla (Ermənistanın Türkiyə ilə əlaqələrin normallaşması üzrə xüsusi nümayəndəsi -red.) bir az əvvəl təmasımız oldu, amma hələ növbəti görüşün dəqiq tarixini razılaşdırmamışıq”.
Sərdar Kılıç Türkiyənin də Ermənistandan Konstitusiyasına dəyişiklik tələbinin olub-olmamasına aydınlıq gətirib: “Konstitusiyanın dəyişdirilməsi ilə bağlı Nikol Paşinyan da açıqlama verib. Bu çərçivədə Ermənistan öz Konstitusiyasında lazımi dəyişiklikləri edəcək”.