Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ və Avropanı Rusiyanın Sumıya bugünkü ballistik raket zərbəsindən sonra sərt cavab nümayiş etdirməyə çağırıb.
Bu barədə o, özünün Teleqram kanalında yazıb.
V.Zelenski Rusiyanın Sumıya endirdiyi ballistik raket zərbəsindən sonra onlarla dinc sakinin öldüyünü və yaralandığını bildirib.
"Ölənlərin ailələrinə başsağlığı verirəm. Hazırda xilasetmə əməliyyatı davam edir. Bütün lazımi xidmətlər işləyir. Dünya sərt reaksiya göstərməlidir", - Ukrayna Prezidenti söyləyib.
Zelenski vurğulayıb ki, müharibənin uzadılmasında maraqlı olan Rusiyadır.
"Rusiyaya təzyiq olmadan sülh mümkün deyil. Danışıqlar heç vaxt ballistik və hava bombalarını dayandırmayıb. Ukrayna ilə birlikdə olan və həyatı qorumaqda bizə kömək edən hər kəsə təşəkkür edirəm", - Ukrayna lideri qeyd edib.
Qeyd edək ki, aprelin 13-də səhər saatlarında Rusiyanın Sumı şəhərinin mərkəzinə endirdiyi raket zərbəsi nəticəsində 30-dan çox dinc sakin həlak olub, onlarla yaralı var.