Aprelin 14-də Konstitusiya Məhkəməsində hakim Rafael Qvaladzenin səlahiyyət müddətinin başa çatması və Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Milli Məclisin qərarı ilə məhkəmənin yeni təyin edilmiş hakimi Xanlar Vəliyevin kollektivə təqdim olunmasına dair tədbir keçirilib.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən Senzor.az-a verilən məlumata görə, tədbirdə Konstitusiya Məhkəməsinin hakimləri və Aparatın məsul əməkdaşları iştirak ediblər.
Tədbirdə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev çıxış edərək ölkəmizdə hüquqi dövlət quruculuğunun Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olması, Prezident İlham Əliyevin rəhbərliyi ilə məhkəmə-hüquq sahəsində həyata keçirilən islahatlar, məhkəmə hakimiyyətinin müstəqilliyinin möhkəmlənməsi, hüququn aliliyinin təmin edilməsi, vətəndaşların hüquq və azadlıqlarının qorunması sahəsində atılan mühüm addımlar barədə danışıb.
O, Rafael Qvaladzenin tanınmış hüquqşünas kimi hüquqi dövlət quruculuğu, ədalət mühakiməsinin səmərəliliyinin artırılması sahəsində uzun illər məsul vəzifələrdə uğurlu fəaliyyətindən, məhkəmə-hüquq sistemində xidmətlərindən bəhs edərək, onun Konstitusiya Məhkəməsinin hakimi kimi hər zaman yüksək peşəkarlıqla fərqləndiyini, insan hüquq və azadlıqlarının müdafiəsi, milli qanunvericiliyin Konstitusiyanın müddəaları nəzərə alınmaqla təkmilləşməsi və müxtəlif sahələrdə hüququn tətbiqi təcrübəsinin daha da inkişaf etdirilməsi istiqamətində səylərini vurğulayıb.
Fərhad Abdullayev Prezident İlham Əliyevin Sərəncamı ilə təltif edilən Rafael Qvaladzeyə məhkəmə orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenini təqdim edib.
Rafael Qvaladze fəaliyyətinin yüksək qiymətləndirilməsinə görə dərin minnətdarlığını bildirib.
Konstitusiya Məhkəməsinin sədri yeni təyin olunmuş hakimi kollektivə təqdim edərək, bu təyinatın əhəmiyyətini vurğulayıb və Xanlar Vəliyevə təbriklərini çatdıraraq ona gələcək hakim fəaliyyətində uğurlar arzulayıb.
O, Xanlar Vəliyevin hüquq-mühafizə orqanlarında müxtəlif məsul vəzifələrdə yüksək peşəkarlıq göstərdiyini, milli dövlətçiliyimizə qarşı yönəlmiş qəsdlərin qarşısının alınmasında, ədalətin bərqərar olunması naminə görülən işlərdə hər zaman prinsipiallıq nümayiş etdirdiyini bildirib. Onun Konstitusiya Məhkəməsinin hakimi kimi yüksək və məsuliyyətli vəzifədə də öz bilik və bacarığını dövlətçiliyimizin, konstitusional hüququn və insan hüquq və azadlıqlarının müdafiəsinə yönəldəcəyinə, Konstitusiya Məhkəməsinin fəaliyyətinə dəyərli töhfələr verəcəyinə əminliyini ifadə edib.
Xanlar Vəliyev ona göstərilən etimada görə Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirib, gələcək hakim fəaliyyətində Konstitusiyanın aliliyinin təmin edilməsi istiqamətində səylərini əsirgəməyəcəyini vurğulayıb.