“ASAN xidmət”in təşəbbüslərinin beynəlxalq ictimaiyyətə daha operativ çatdırılmasının təbliğatı və təşviqatı ilə bağlı BMT-də fondun təsis edilməsi istiqamətində işlər gedir”.
Bunu “Report”a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.
Onun sözlərinə görə, BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) Dövlət İdarəçiliyi üzrə Ekspertlər Komitəsinin 22-ci sessiyası çərçivəsində BMT rəsmiləri və beynəlxalq ekspertlər “ASAN xidmət”in fəaliyyət istiqamətlərini və Azərbaycanın BMT ilə əməkdaşlığını yüksək qiymətləndiriblər: “Səfər çərçivəsində Azərbaycan adından BMT-nin Dövlət İdarəçiliyi üzrə Ekspertlər Komitəsinin növbəti iclasında iştirak etdik. Eyni zamanda Azərbaycan və BMT tərəfinin birgə təşəbbüsü ilə vətəndaş mərkəzli dövlət xidmətlərinin yenidən dizayn edilməsi mövzusunda plenar sessiya keçirdik. Sessiyada da əsas məqsəd “ASAN xidmət” modelinin və fəaliyyət istiqamətlərinin təqdimatı və üzv ölkərə model olaraq dəstək vermək təşəbbüsü idi. Sessiyada BMT rəsmiləri, bir çox ölkələrdən nümayəndələr və beynəlxalq ekspertlər iştirak edirdilər. Sessiyada bir çox suallar cavablandırdıq və “ASAN xidmət” modelinin digər ölkələrdə tətbiqi ilə bağlı fikir mübadiləsi apardıq.
Sevindirici hal oldur ki, BMT rəsmiləri artıq dövlət xidmətləri sahəsində islahat aparmaq istəyən ölkələrə Azərbaycanın “ASAN xidmət” modelini tövsiyyə edir. Burada bir daha şahid olduq ki, 10 il bundan əvvəl Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan “ASAN xidmət” modeli unikaldır. Bu model və konsepsiya BMT tərəfindən iki dəfə xüsusi mükafata layiq görülüb və hazırda 17 ölkəyə intellektual məhsul olaraq ixrac olunur. Beynəlxalq ekspertlər çıxışlarında “ASAN xidmət”in vətəndaş maraqlarına xidmət edən və olduqca şəffaf fəaliyyət həyata keçirən sistem olduğunu xüsusilə vurğuladılar. Biz BMT-nin platforması vasitəsilə Azərbaycanın intellektual brendini daha çox ölkələrə çatdırılması istiqamətində növbəti addım atdıq”.
Ülvi Mehdiyev qeyd edib ki, BMT rəsmiləri və üzv dövlətlərin nümayəndələri ilə keçirilən ikili görüşlərdə BMT-nin təşəbbüskarı olduğu bir neçə layihələr ilə bağlı razılıq əldə olunub: ““ASAN xidmət” modeli ilə bağlı hazırda 20 ölkə ilə işləyirik və onlardan 17-si ilə bizim artıq müqaviləmiz var. Həmin ölkələrdə "ASAN xidmət" modelinin tətbiqində biz onlara köməklik göstəririk. Bu prosesi davam etdirəcəyik.
BMT vasitəsi ilə "ASAN xidmət" modelinin təqdimatını həyata keçirmək bizə imkan verir ki, daha yeni ölkələri bu xidmətdən istifadəyə cəlb etməklə Azərbaycan brendini ixrac edək. "ASAN xidmət" modelinin beynəlxalq ekspertlər və BMT rəsmiləri tərəfindən dəyərləndirilməsi çox vacib idi. Sessiya çərçivəsində "ASAN xidmət indeksi" üzrə qiymətləndirmə də BMT tərəfindən yüksək qiymətəndirildi və bu sistem bizə imkan verir ki, Azərbaycandakı dövlət xidmətləri qiymətləndirilsin və daha da təkmilləşdirilsin.
Eyni zamandan sessiya çərçivəsində keçirdiyimiz görüşlərdən yeni ideyalar və təşəbbüslər qazandıq. Həmin ideyalar əsasında biz öz konsepsiyamızı davam etdirəcəyik. BMT tərəfinin təşəbbüskarı olduğu bir neçə layihələr var ki, onlar bizimlə bu layihələri yaxın gələcəkdə reallaşdırmaq istəyirlər. Bunlardan ən vacibi "ASAN xidmət" təşəbbüslərinin beynəlxalq ictimayyətə daha operativ çatdırılmasının təbliğatı və təşviqatı ilə bağlı BMT-də bir fondun təsis edilməsidir ki, bu istiqamətində hazırda işlər gedir”.