
Dünya birjalarında neft ucuzlaşıb.
Senzor.az bildirir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,67 dollar azalaraq 103,3 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti də 0,2 dollar azalaraq 101,18 dollar təşkil edib.
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti isə 4,3 ABŞ dolları və ya 3,36 % artaraq 132,35 ABŞ dolları təşkil edib.
Yeri gəlmişkən, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu markadan olan neft "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.