
Rusiya Silahlı Qüvvələrinin Ukraynaya kütləvi gecə hücumu nəticəsində səkkiz nəfər ölüb və 30-a yaxın insan yaralanıb.
Senzor.az-ın yerli KİV-ə istinadən məlumatına görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski hərbçilər və hökumət nümayəndələri ilə müşavirədən sonra "X" sosial şəbəkəsində bildirib.
Onun sözlərinə görə, noyabrın 19-u axşam saatlarından noyabrın 20-si səhər saatlarınadək Rusiya Ukraynaya 400-dən çox döyüş PUA-sı ilə zərbə endirib və 110-dan çox raket, o cümlədən 27 ballistik raket atıb. Zelenski hücumu ən genişmiqyaslı hücumlardan biri adlandırıb və Rusiya qoşunlarının, o cümlədən kaset döyüş hissəli raketlərdən istifadə etdiyini bildirib.
V.Zelenskinin məlumatına görə, Ukrayna qüvvələri 79 qanadlı raketi vurub.
O qeyd edib ki, zərbələr ölkənin bir çox şəhərlərinə və regionlarına təsir edib.
V.Zelenskinin sözlərinə görə, Dnepr çayı üzərindəki körpülər, dəmir yolu infrastrukturu obyektləri, eləcə də Ukrayna AES-lərinin fəaliyyətinin asılı olduğu yarımstansiyalar və elektrik verilişi xətləri zərbəyə məruz qalıb.
Yaşayış binaları da zərər çəkib. Zelenski həlak olanların yaxınlarına başsağlığı verib.
Onun sözlərinə görə, Ukrayna hərbçiləri də öz növbəsində bu gecə Rusiyanın üç ballistik raket buraxılış qurğusunu vurub. Onlardan birini məhv etmək mümkün olub.
V.Zelenski beynəlxalq ictimaiyyəti hücuma reaksiya verməyə çağırıb: "Tərəfdaşlarımızın təkcə Ukrayna və ukraynalılara dəstək bəyanatları ilə çıxış etmələri deyil, həm də HHM üzrə konkret razılaşmaları yerinə yetirmələri vacibdir".(Bax: https://www.youtube.com/shorts/PD2n-NxqqTw)