
ABŞ Prezidenti Donald Tramp dövlət sirri təşkil edən məlumatları sızdıran şəxslərin ömürlük həbsə məhkum edilməsini və hətta güllələnməsini mümkün hesab etdiyini bildirib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Tramp Arizona ştatında keçirilən seçkiqabağı mitinqdə çıxışı zamanı məxfi məlumatların yayılmasına görə sərt cəzaların tətbiq edilməsinin tərəfdarı olduğunu açıqlayıb.
“Belə şəxsləri həbsxanaya salmaq və ya güllələmək lazımdır. Onların yeri ömürlərinin sonunadək həbsxanadır”, – ABŞ lideri deyib.
Tramp İrana qarşı hərbi əməliyyatların başlanğıcında ABŞ bombardmançı təyyarələrinin bölgəyə göndərilməsi barədə məlumatların əvvəlcədən sızdırıldığını da iddia edib.
Onun sözlərinə görə, bu səbəbdən İran tərəfi ABŞ-ın hərbi planlarından xəbərdar olub.
“Onlar bizim Missuridən saat 12:07-də havaya qalxacağımız barədə məlumatı sızdırdılar. Bu məlumat “The New York Times” və CNN tərəfindən yayımlandı. Nəticədə əməliyyat həmin gün ləğv edildi və iki gün sonra həyata keçirildi”, – deyən Tramp hərbi məlumatların sızdırılmasının ABŞ-ın milli təhlükəsizliyini təhlükəyə atdığını vurğulayıb.
Qeyd edək ki, Trampın bu açıqlamasından əvvəl onun administrasiyasında Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsinin dayandırılması imkanının müzakirə edildiyi barədə xəbərlər yayılmışdı.