Azərbaycan Yazıçılar Birliyinin (AYB) XIII Qurultayı 26 oktyabr saat 10-da öz işinə başlayacaq.
Bu barədə AYB-nin saytı xəbər verir.
Qeyd edilib ki, qurultay Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçiriləcək. Azərbaycan Yazıçılar Birliyinin dəvətilə Qurultayda Türkiyə, Rusiya, Litva, İsrail, Pakistan, Gürcüstan, Almaniya, İraq, Belarus və İrandan iyirmidən çox qonaq iştirak edəcək. 26 oktyabr saat 9-da Fəxri Xiyabanda Ulu öndər Heydər Əliyevin və Azərbaycan yazıçılarının məzarı, daha sonra Şəhidlər Xiyabanı ziyarət ediləcək. Qurultay nümayəndlərinin siyahısı “Ədəbiyyat qəzeti”nin 22 oktyabr tarixli buraxılışında nəşr ediləcək.
**11:11
Mədəniyyət Nazirliyi Azərbaycan Yazıçılar Birliyinin (AYB) XIII qurultayının keçirilməsi üçün 203,6 min manat vəsait ayırıb.
Bu barədə nazirlikdən məlumat verilib.
Bildirilib ki, sözügedən məsələ ilə əlaqədar AYB tərəfindən birbaşa Mədəniyyət Nazirliyinə müraciət olunmayıb.
“Eyni zamanda, qeyd edirik ki, yaradıcılıq ittifaqlarının il ərzində fəaliyyətinin təmin olunması məqsədilə müvafiq maliyyə vəsaitinin ayrılması aidiyyəti qurum tərəfindən həyata keçirilir.
Mədəniyyət Nazirliyi tərəfindən Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayının təşkili ilə bağlı oktyabrın 6-da 203,6 min manat vəsait birliyin hesabına köçürülüb”, - nazirlikdən qeyd olunub.
Xatırladaq ki, AYB-in qurultayının bu il sentyabrın 30-da keçirilməsi planlaşdırılsa da, daha sonra təxirə salınmışdı. AYB sədri, Xalq yazıçısı Anar Rzayev qurultayın dəqiq tarixinin açıqlanmamasını vəsait problemi ilə əlaqələndirmişdi: “Pul köçürülən kimi dəqiq vaxt müəyyənləşəcək".
Yazıçıların qurultayının oktyabrın sonunadək keçirilməsi gözlənilir.(“Report”)