Texniki heyət üzvlərinin Media Reyestrində qeydiyyatdan keçməsi nəzərdə tutulmayıb.
Senzor.az-ın məlumatına görə, bunu MEDİA-nın Kommunikasiya şöbəsinin müdiri Səidə Şəfiyeva bu gün MEDİA-nın rəsmi "facebook" səhifəsində canlı yayım zamanı deyib.
Onun sözlərinə görə, "Media haqqında” qanunda texniki heyət jurnalist anlayışı ilə əhatə olunmayıb. Ona görə də onlar Media Reyestrinə daxil ola bilməyəcək. Buna baxmayaraq, onların fəaliyyətində hər hansı məhdudiyyət olmayacaq.
"Fotomüxbirlər jurnalist anlayışı ilə əhatə olunduğu üçün onlar da reyestrdə qeydiyyatdan keçə bilərlər. Amma fotoqraflar jurnalist anlayışı ilə əhatə olunmadığı üçün reyestrə düşə bilməyəcəklər”.
**14:25
Media Reyestri fəaliyyətə başlayıb.
Medianın İnkişafı Agentliyindən Senzor.az-a verilən xəbərə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Media haqqında” Qanunun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə” Fərmanına əsasən, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi də daxil olmaqla, aidiyyəti qurumların üzərinə Media Reyestrinin yaradılması və onun fəaliyyətinin təmin olunması istiqamətində müvafiq tapşırıqlar qoyulub.
Nazirlər Kabinetinin müvafiq qərarları ilə Media Reyestri şəhadətnaməsi və jurnalist vəsiqəsinin forması, həmçinin jurnalist vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə ödənişin məbləği və həmin vəsaitdən istifadə qaydası təsdiq edilib, bununla da Media Reyestrinin hüquqi təminatının yaradılması istiqamətində verilmiş tapşırıqların icrası yekunlaşıb.
Media Reyestri İnformasiya Sisteminin proqram təminatının formalaşdırılması prosesi də uğurla başa çatıb və 14 oktyabr 2022-ci il tarixindən etibarən Reyestr fəaliyyətə başlayıb. Media subyektləri və jurnalistlər Media Reyestri İnformasiya Sisteminə reyestr.media.gov.az portalı üzərindən ASAN Login vasitəsilə daxil olaraq, müraciətlərini formalaşdıra bilərlər.
Media Reyestri İnformasiya Sistemindən istifadəyə dair məlumatlandırıcı çarxla buradan tanış ola bilərsiniz. Bununla yanaşı, Media Reyestrinin informativ veb-səhifəsinin “Tez-tez verilən suallar” bölməsində Reyestrə müraciətlə bağlı detallı məlumatları əks etdirən təlimatla da tanış olmaq mümkündür.