Zəngilan rayonunun Ağalı kəndində “Zəfər yürüşü” triatlon turnirinin açılış mərasimi keçirilib.
Məlumata görə, mərasim Vətənin bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ruhuna xatirə əlaməti olaraq bir dəqiqəlik sükutla başlayıb.
Daha sonra dövlət himni səsləndirilib. Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Triatlon Federasiyasının birgə təşkil etdiyi turnirin açılış mərasimində Prezidentin Zəngəzur İqtisadi Rayonuna daxil olan Zəngilan rayonu üzrə üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev, gənclər və idman naziri Fərid Qayıbov və Millət vəkili Rauf Əliyev çıxış edib.
Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev çıxışında bu günün əhəmiyyətindən bəhs edərək bildirib ki, bu, azad olunmuş torpaqlarda əhalinin ilk məskunlaşdığı Ağalı kəndində ilk böyük idman yarışıdır. O, təşkilatçılığa görə gənclər və idman naziri Fərid Qayıbova təşəkkür edib.
Daha sonra söz alan millət vəkili Rauf Əliyev qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə bu kimi yarışların təşkili dövlətimizin növbəti uğurudur.
Gənclər və idman naziri Fərid Qayıbov isə öz növbəsində mərasim iştirakçılarını salamlayaraq qeyd edib ki, tarixi Azərbaycan torpaqlarında növbəti yarışın təşkili çox gözəl hadisədir.
Nazir Zəngilan Hava Limanının ilk mülki sərnişinlərinin məhz idmançıların olmasının əhəmiyyətindən də bəhs edib.
Daha sonra yarış rəsmən açıq elan olunub.