“Bizim əziz dostumuz, Azərbaycan ədəbiyyatının ağsaqqalı Anar əgər namizədliyini verəcəksə, şəxsən mən ona səs verəcəyəm”.
Bunu Xalq şairi Ramiz Rövşən deyib.
O, yazıçıların 13- cü Qurultayına 203 min manat sərf edilməsindən də danışıb. “Qurultayın görün nə qədər qonaqları var. Onların gəlməsi, yerləşməsi üçün böyük miqdarda pul lazımdır. Qurultaya olan maraq məni sevindirir. Ancaq Azərbaycan yazıçılarının həyatı qurultayların gedişatı ilə yox, Azərbaycan dövlətinin və Azərbaycan xalqının həyatı ilə bağlıdır. Azərbaycan cəmiyyətində, dövlətində 2 il bundan qabaq biz torpaqları əsarətdə olan, içi sıxıntılı, çox gərgin duyğular yaşayan bir millət idik. İndi torpaqlar azaddır və belə söhbət var ki , Şuşada keçsin qurultayımız. İndi Şuşada olmadı, amma inanıram ki, Şuşanın ab-havası burada olacaq” .
R. Rövşən bildirib ki, Yazıçılar Birliyinə yeni sədr olmaq istəyənlər öz namizədliyini versinlər: “Bizim sənətimiz ikili sənətdir: Şair- oxucu, bəstəkar-dinləyici. Kimisə Yazıçılar Birliyinin sədrliyinə onun oxucuları gətirə bilər. 100 minlərlə oxucudan söhbət gedir. Anarın 100 minlərlə oxucusu var. Bu həqiqətdir .
Anardan sonrakı AYB bu AYB ola bilməz. Anar vəzifədən daha önəmli şəxsiyyətdir. Anardan sonra bu vəzifəyə tamah salan olmayacaq . Ona alternativin olmaması Anara olan hörmət və məhəbbətdən asılıdır. Yazıçılığını kənara qoyuram. Anar qədər birləşdirici adam tapmaq çox çətindir. Bu qədər iddialı adamları bir araya gətirmək, Anarın xarakterindən irəli gəlir. Birləşdirici xarakter çox böyük şərtdir”.