Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının milli bayramı – İnqilab Günü münasibətilə Prezident Abdelmacid Tebbuna təbrik məktubu göndərib.
Senzor.az xəbər verir ki, bayram münasibətilə Əlcəzair Prezidentinə və xalqına öz adından və Azərbaycan xalqı adından təbriklərini və ən xoş arzularını çatdıran dövlətimizin başçısı qeyd edib: “1 noyabr 1954-cü ildə Əlcəzair xalqı müstəmləkəçilik siyasətinə qarşı azadlıq mübarizəsinə başlamışdır. Müstəmləkəçi qüvvələrin xalqınıza qarşı törətdiyi misli görünməmiş şiddətinə, zorakı əməllərinə və müharibə cinayətlərinə baxmayaraq, Əlcəzair xalqının müstəqillik əzmi sarsılmamış, əksinə, milli birlik və həmrəylik daha da güclənmişdir”.
Prezident İlham Əliyev ənənəvi dostluq və qardaşlıq telləri ilə bir-birinə bağlı olan ölkələrimiz arasında münasibətlərin bugünkü səviyyəsinin məmnunluq doğurduğunu və Azərbaycanın bu münasibətlərə böyük əhəmiyyət verdiyini qeyd edib. “Ötən illər ərzində Azərbaycan ilə Əlcəzair arasında ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlıq konstruktiv məcrada inkişaf etmişdir. Bu mənada, beynəlxalq təşkilatlar, xüsusilə də İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı etimad və dəstəyə əsaslanan əməkdaşlığımızı xüsusi qeyd etmək istərdim.
İnanıram ki, Azərbaycan-Əlcəzair əlaqələri, qarşılıqlı faydalı əməkdaşlığımız birgə səylərimizlə bundan sonra da dost ölkələrimizin və xalqlarımızın mənafeyi naminə möhkəmlənəcək və genişlənəcək”, - deyə təbrik məktubunda vurğulanıb.