Azərbaycandakı dini konfessiya rəhbərləri Prezident İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik məktubu göndərib.
Senzor.az-ın xəbərinə görə, Qafqaz Müsəlmanları İdarəsində (QMİ) bu gün keçirilən Zəfər Gününə həsr olunmuş tədbirdə dini konfessiya rəhbərlərinin dövlət başçısına təbrik məktubu oxunub.
Toplantıda Azərbaycanda fəaliyyət göstərən dini konfessiya rəhbərlərinin, QMİ Qazılar Şurasının üzvləri, QMİ-nin səlahiyyətli nümayəndələrinin iştirak etdikləri tədbirdə Şeyxülislam Allahşükür Paşazadə çıxış edib: "Bu gün xalqımızın, dövlətimizin tarixində möhtəşəm bayramlar ərəfəsindəyik. Azərbaycan torpaqlarının 30 illik erməni işğalına son qoyan Vətən müharibəsində Zəfərimizdən iki il ötür. Həmçinin, üçrəngli dövlət bayrağımızın fəxarətli bayram gününü qeyd edəcəyik. Tarixi ədalətin bərpası yolunda Haqq savaşımızın mübarək tarixi hər bir azərbaycanlının şərəf günü, qürur mənbəyidir. Zəfər bayramının dövlətçilik qüdrətimizin, Vətən sevgisinin zirvəsi olaraq xalqın qəlbində önəmi olduqca böyükdür. Azərbaycan xalqı 2020-ci ildə 44 gün ərzində tarixin dövlət imtahanından qalibiyyətlə keçdi. Beynəlxalq hüququn tanıdığı, lakin təmin edə bilmədiyi ərazi bütövlüyümüzü bərpa etmək kimi şərəfli missiyanı müzəffər Ali Baş Komandanımız İlham Əliyev cənablarının rəhbərliyi ilə şanlı Ordumuz həyata keçirdi. İllərlə həsrətində olduğumuz əzəli torpaqlarımızı işğalçıdan, öz milli, dini, mədəni abidələrini əsarətdən azad etmək, məscidlərimizi, məbədlərimizi həqarətdən, sərvətlərimizi yağmalanmaqdan qurtarmaq yolunda haqq mübarizəmizi, dünya birliyinin göz yumduğu vandalizm hallarına, mədəni soyqırımı cinayətlərinə son qoymaq, dağıdılmış, ruhlar məkanına çevrilmiş şəhər, kəndlərimizə, yaşayış məskənlərimizə sahib çıxmaq vəzifəsini şanlı Azərbaycan Ordusu ləyaqət və şərəflə yerinə yetirdi. Azərbaycan Ordusunun Vətən yolunda canından keçən qəhrəman şəhidlərinə Uca Allah rəhmət eləsin, igid qazilərimizə şəfaət bəxş etsin! Möhtərəm Prezident İlham Əliyev cənabları Azərbaycanı qalib ölkə, Azərbaycan xalqını zəfər çalmış xalq zirvəsinə yüksəltdi, ata vəsiyyətini — Azərbaycan xalqının Ulu Öndərinin Qarabağa dair vəsiyyətini yerinə yetirdi. Xalqın dəstək və həmrəyliyi, liderinə olan dərin etimadı, ehtiram və məhəbbətinə istinadən İlham Əliyev qalib xalqın müzəffər sərkərdəsi, Qarabağın, Şuşanın fatehi, ədaləti bərpa edən millət qəhrəmanı olaraq tarixin səhifələrinə həkk olundu".