Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 10-da Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün dəfn olunduğu Anıtqəbri ziyarət edib.
Məlumatı “TRTHaber” yayıb.
Bildirilib ki, ziyarət zamanı onu Türkiyənin dövlət rəsmiləri, siyasi partiyaların liderləri müşayiət ediblər.
Qeyd edək ki, Qazi Mustafa Kamal Atatürk 1881-ci ildə Salonikidə anadan olub,
Təhsil aldığı Selanik Hərbi Liseyində riyaziyyat müəllimi olan Mustafa Əfəndi Atatürkü sinifdəki digər Mustafadan fərqləndirmək üçün istedadlı şagirdinə “Kamal” adını qoyub.
1923-cü ilin 29 oktyabr tarixində Türkiyə Böyük Millət Məclisi tərəfindən Cümhuriyyət elan edilərkən, Mustafa Kamal Atatürk dövlət başçısı (cümhurbaşkanı) seçilir. 1938-ci ilə, vəfat etdiyi vaxta qədər ard-arda dörd dəfə dövlət başçısı seçilən Atatürk bu vəzifədə ən uzun müddət qalan prezident olub.
1921-ci il 23 avqustda yunanlarla aparılan Sakarya döyüşündə qələbə qazanan Mustafa Kamala “Marşal” və “Qazi” rütbəsi verilib. 1934-cü ildə isə ona qanunla “Atatürk” soyadı verilib və bu soyadın başqaları tərəfindən istifadə olunması qadağan edilib.
Atatürk 1938-ci il 10 noyabrda, 57 yaşında İstanbulda Dolmabahçe Sarayında gözlərini əbədi yumub. Onun nəşi 1953-cü ildə ölümünün 15-ci ilində Ankaradakı Etnoqrafiya muzeyindən Anıtqəbirə köçürülüb.