Qeyri-sabit, yağıntılı hava şəraiti Bakı və Abşeron yarımadasında həftə sonunadək davam edəcək. Şimalda yaranan Arktik mənşəli siklonun və soyuq atmosfer cəbhəsinin ölkə ərazisinə daxil olması nəticəsində hazırda respublika ərazisində qeyri-sabit, yağıntılı, soyuq hava şəraiti müşahidə olunur. Mövcud sinoptik şəraitlə əlaqədar havanın temperaturu enib. Hazırda temperatur iqlim normasından 3 dərəcə aşağıdır.
Senzor.az-ın məlumatına görə, bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
“Gün ərzində Bakıda və Abşeron yarımadasında arabir yağıntılı hava şəraiti müşahidə olunacaq, bəzi şəhərətrafı ərazilərdə yağışın sulu qarla qarışıq yağacağı ehtimal olunur. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu 3-5 dərəcəyədək isti olacaq. Bəzi bölgələrdə arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacaq. Ayrı-ayrı rayonlarda isə yağıntıların intensivləşəcəyi ehtimal olunur”.
G.Məmmədovanın sözlərinə görə, ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı, soyuq hava şəraiti bölgələrdə dekabrın 7-si gündüzədək, Bakıda və Abşeron yarımadasında isə həftə sonunadək davam edəcək.