Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Türkmənistanda keçirilən Türkmənistan, Azərbaycan və Türkiyənin nəqliyyat sahəsi üzrə məsul nazirlərinin görüşündə iştirak edib.
Senzor.az nazirliyin yaydığı məlumata istinadən xəbər verir ki, nazir görüşdə bildirib ki, son 20 ildə Azərbaycan bir sıra iri regional nəqliyyat və kommunikasiya layihələrinin təşəbbüskarı olub.
“Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Ələt Azad İqtisadi Zonası – bütün bu layihələr daha geniş regional əməkdaşlığa hesablanıb və geostrateji coğrafi mövqeyi olan ölkəmizi beynəlxalq nəqliyyat qovşağına çevirir”, - deyə nazir vurğulayıb.
Qeyd olunub ki, alternativ marşrutlara nisbətən qısa olan Orta Dəhliz rəqabətqabiliyyətliyi baxımından daha əlverişlidir. Orta Dəhlizin tranzit potensialının genişləndirilməsinə əhəmiyyətli təsir göstərə biləcək və regionun nəqliyyat-kommunikasiya xəritəsində strateji dəyişikliklərə səbəb olacaq digər bir amil Zəngəzur dəhlizinin ən qısa müddətdə açılmasıdır.
Vurğulanıb ki, Zəngəzur dəhlizi ən qısa və təhlükəsiz tranzit keçidi olmaqla Çin və Mərkəzi Asiya ölkələrinin Avropa istiqamətində nəqliyyat əlaqələrinin diversifikasiyasını təmin etmiş olacaq, həm Şərq-Qərb, həm də Şimal-Cənub tranzit marşrutları üzrə yük keçirmə qabiliyyətini artırmaq imkanı yaradacaq.
Çıxışın sonunda səsləndirilib ki, regionun nəqliyyat potensialından maksimum istifadə etmək bizim ümumi məqsədimizdir. Nəqliyyat sistemlərimizin bir-birini tamamlaması ölkələrimizin davamlı iqtisadi artımına töhfə verəcək.