Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində kitabxanaçı (kitabxana müdiri), uşaq birliyi təşkilatı rəhbəri və psixoloq vəzifələrinə işə qəbul müsabiqəsinin test imtahanı mərhələsi keçirilib.
Bu barədə Senzor.az-a Bakı Şəhər üzrə Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, paytaxtdakı 12 və 32 nömrəli tam orta məktəblərdə təşkil olunan test imtahanında 1 359 nəfər iştirak edib.
İmtahanda kitabxanaçı (kitabxana müdiri), uşaq birliyi təşkilatı rəhbəri və psixoloq vəzifələrinə işə qəbul üzrə namizədlərə 40 test tapşırığınının cavablandırılması üçün 80 dəqiqə vaxt verilib.
Test imtahanının nəticələri barədə məlumat namizədlərə SMS vasitəsilə göndəriləcək.
Onu da qeyd edək ki, 08.05.2018-ci il tarixində təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”na əsasən, müvafiq kadrların işə qəbulu və yerdəyişməsi tabelik üzrə təhsili idarəetmə orqanı tərəfindən həyata keçirilir.