"Bakı Metropoliteni" QSC-nin Bənövşəyi xəttindəki stansiyaların ətrafında yol-nəqliyyat infrastrukturunda əlavə tənzimləmə, optimallaşma aparıla bilər.
Bunu metronun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
Onun sözlərinə görə, yeni açılmış "Xocasən" stansiyası ilə bağlı monitorinqlər aparılıb: "Monitorinqlər göstərdi ki, proqnozlar özünü doğruldur. Stansiyanın birinci mərhələdə istifadəyə verilməsi doğru planlamadır və ona tələbat olacaq. Ən əsası, bu istiqamətdə yol-nəqliyyat infrastrukturunda əlavə tənzimləməyə də ehtiyac yaranacaq. Bu isə yaxın gələcəyin işi olacaq. Tək "Xocəsən" deyil, "Bənövşəyi xətt" üzrə stansiyaların ətrafında bunu etməklə optimallaşma aparıla bilər. Bunun üçün xəttin stansiyalarında da sorğularımız, monitorinqlərimiz, təhlillərimiz olacaq. Elə bu gün bir neçə təklif-təşəbbüs də eşitdik. Ən əsası, paytaxtın bir istiqaməti də ən sürətli nəqliyyata calandı".
Xatırladaq ki, dekabrın 23-də Prezident İlham Əliyev metronun 27-ci stansiyası olan "Xocəsən"in və eyni adlı deponun açılışını edib.