"Şamaxı – İsmayıllı yolunda, Ağsu aşırımında nəqliyyatın məhdudiyyəti tətbiq olunmur".
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Rövşən Tağıyev bildirib.
"Sadəcə olaraq qarın təmizlənməsi zamanı texnikaların rahat hərəkəti üçün həmin yollarda hərəkət müvəqqəti dayandırılır, daha sonra hərəkətə icazə verilir. Hazırda həmin istiqamətdə yollar tam açıqdır. Lakin yük avtomobilləri, sərnişin avtobusları, eyni zamanda mövsümi şinləri olmayan minik nəqliyyat vasitələri təhlükəsizlik məqsədi ilə alternativ yollara istiqamətləndirilir", - DYP sözçüsü əlavə edib.
**14:30
Ötən iki gün ərzində yağan güclü qar Bakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ və Bakı-Şamaxı-Yevlax yolunda nəqliyyatın hərəkətində çətinliklər yaradıb.
"Report"un məlumatına görə, adlarıçəkilən magistrallarda avtomobillərin hərəkəti tamamilə məhdudlaşdırılıb.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Yol Patrul Xidmətinin (YPX) əməkdaşları yolların buz bağlaması səbəbindən və təhlükəsizlik məqsədilə yük avtomobillərinin və qış fəsli üçün nəzərdə tutulan şinləri olmayan nəqliyyat vasitələrinin İsmayıllı-Muğanlı-Şamaxı yolu ilə Bakı istiqamətinə hərəkətinə icazə vermir, sürücülərə alternativ olaraq İsmayıllı-Qaraməryəm-Ağsu-Göyçay-Kürdəmir-Bakı yolundan istifadə tövsiyə olunur.
Qobustan, Şamaxı, Qəbələ və Ağsu rayonlarının ərazisindən keçən magistral yollar da qarla örtülüb və avtomobillərin hərəkətində çətinliklər yaranıb.
Ağsu aşırımında, İsmayıllı-Lahıc-Dəmirçi-Pirqulu-Şamaxı yolunda isə qar və buz səbəbindən nəqliyyatın hərəkəti dayandırılıb. Bu yollara təxminən 10-15 santimetr qar yağıb.
Hazırda güclü qarın yağması səbəbindən yolların təmizlənməsi işləri ləngiyir.