Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun inzibati həbs müddəti başa çatıb və o, bu gün azadlığa buraxılıb.
Senzor.az bildirir ki, bu barədə onun qızı Nigar Həzi sosial şəbəkə hesabında paylaşım edib.
O qeyd edib ki, atası artıq evdədir.
“Turan”ın məlumatına görə isə azadlığa çıxan Yaqublu ilk növbədə onunla həmrəylik aclıq aksiyasının keçirildiyi Müsavat Partiyasının qərargahına gedib. Etirazçılara həmrəylik və fədakarlıqlarına görə təşəkkür edən Yaqublu onları aclıq aksiyasını dayandırmağa çağırıb. Bununla da Müsavatda yanvarın 9-dan bəri keçirilən həmrəylik aclığı başa çatıb.
Yanvarın 7-də yeməkdən imtina edən siyasətçinin həyat yoldaşı Maya Yaqublu da bu gün aclıq aksiyasını dayandırıb.
Qeyd edək ki, Tofiq Yaqublu ötən il dekabrın 23-də İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi (Xırda xuliqanlıq) ilə təqsirli bilinərək Səbail Rayon Məhkəməsinin qərarı ilə 30 sutka müddətinə inzibati qaydada həbs olunmuşdu.
O, həbs müddətində aclıq aksiyası keçirirdi və xəstəxanaya yerləşdirilmişdi.