"2021-2022-ci illər ərzində ümumilikdə 63 min ha-dan çox ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib".
Bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, həmin müddətdə bir çox strateji layihələr başa çatdırılıb: “2021-ci ildə Zəfər yolu, Ağdam-Bərdə dəmir yolu xətti ilə bağlı işlərin icrası başa çatdırılıb. Ötən il ərzində çox mühüm layihə olan Horadiz-Ağbənd dəmir yolu layihəsi üzrə əsas xəttin, o cümlədən Horadiz-Ağbənd avtomobil yolunun təmizlənməsi başa çatdırılıb. Bizim fəaliyyətimiz işğaldan azad olunan ərazilərdə icra olunan layihələri müşayiət etməkdən ibarətdir. Hər ilin sonunda Nazirlər Kabineti tərəfindən icra olunacaq layihələr və ərazilər təsdiq olunur. Biz də buna uyğun olaraq təmizləmə əməliyyatlarını həyata keçiririk”.