Xarici İşlər Nazirliyi Türkiyənin zəlzələ bölgəsindəki Azərbaycan vətəndaşlarının təyyarə ilə təxliyə olunması ilə bağlı təkliflərə münasibət bildirib.
Nazirliyin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə açıqlamasında deyib ki, təxliyələr avtobuslar vasitəsilə həyata keçiriləcək.
Onun sözlərinə görə, təyyarələrlə təxliyə barədə hələ ki, qərar yoxdur: “Avtobuslarla təxliyə daha rahat və sürətlidir. Hava nəqliyyat vasitələri bəzən gözləməli olur. Təyyarələrdə müəyyən çətinlik yaşana bilir. Çünki təyyarələrin əksəriyyəti yük təyyarəsidir. Həmçinin yaranmış vəziyyətə görə bütün hava limanları sərnişin təyyarələrini qəbul etmir. Çünki axın çoxdur”.
A.Hacızadə qeyd edib ki, Azərbaycan vətəndaşlarının təxliyəsi ötən gün də davam edib.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.
İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.
Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.
Son məlumata görə, hadisə nəticəsində Türkiyədə 12 873 nəfər ölüb, 62 937 nəfər yaralanıb.