Fevralın 19-da saat 14 radələrində Masallı rayonunun Binə Xocavar kəndi ərazisində rayonun Çaxırlı kənd sakini K. Təhməzovun idarə etdiyi "Mercedes" markalı avtomobillə Balakən rayon sakini N.İsmayılovun idarə etdiyi digər bir "Mercedes" markalı avtomobil toqquşub.
Senzor.az DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayevə istinadən bildirir ki, qəza nəticəsində ümumilikdə 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Onlar Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Xəstəxanadan bildirilib ki, qəzada xəsarət alan 2000-ci il təvəllüdlü İsmət Qalib oğlu Heydərlinin, 1997-ci il təvəllüdlü Nicat Əhmədullah oğlu İsmayılovun, 2001-ci il təvəllüdlü Zeynəb Vüqar qızı Hüseynovanın, 1982-ci il təvəllüdlü Kamal Orucəli oğlu Təhməzovun, 1990-cı il təvəllüdlü Zeynəb Zakir qızı Ağayevanın, 2020-ci il təvəllüdlü Gülnur Kamal qızı Təhməzlinin və 2022-ci il təvəllüdlü Kamil Kamal oğlu Təhməzlinin vəziyyəti stabildir.
Qeyd olunub ki, yaralı Kamal Təhməzov Yardımlı Təhsil İdarəsinin sektor müdiridir. O, ailəsi ilə birlikdə qəzaya düşüb.
Hadisə ilə bağlı araşdırma aparılır.