Sumqayıtdan Türkiyəyə növbəti dəfə humanitar yardım göndərilib.
Türkiyədə baş vermiş zəlzələdən zərərçəkənlərə dəstək məqsədilə Sumqayıt şəhərində həyata keçirilən humanitar yardım kampaniyası davam edir.
Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən hazırlanmış, hər birində 8-10 nəfərin müvəqqəti yaşaması üçün nəzərdə tutulan növbəti 6 ədəd modul tipli evlər və 91 min manat dəyərində olan zəruri humanitar yardım bu gün Türkiyəyə yola salınır.
Bununla da son 10 gün ərzində Sumqayıtdan 21 modul tipli ev, 6 kabinəli bir sanitar qovşağı və 812 min manat məbləğində zəruri humanitar yardım göndərilib.
Sumqayıt şəhər İcra Hakimiyyətindən bildirilib ki, modul tipli evlər boş deyil, humanitar yardımla doldurularaq göndərilir.
Qeyd edək ki, Sumqayıt şəhəri ölkəmizdə həyata keçirilən humanitar yardım kampaniyasında fəal iştirak edir. Şəhərin müxtəlif yerlərində yardımların toplanması üçün məntəqələr yaradılıb.
Hadisə baş verən ilk gündən Sumqayıtlılar yardım toplama məntəqəsinə axın edirlər. Burada yataq dəstləri, isti paltarlar, uşaq bezləri, təmizlik ləvazimatları, konservləşdirilmiş qidalar, zəruri quru ərzaqlar, tibbi ləvazimatlar, eləcə də digər zəruri yardımlar təyin olunmuş məntəqələrdə çeşidlənib və qablaşdırılır.