Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığında səfiri Eldar Səlimov krallığın Nümayəndələr Palatasında Asiya və Okean ölkələri ilə Parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşüb.
Səfirlikdən bildiriblər ki, qrupun sədri Abdul Rahim Al-Maayah dost ölkə olan Azərbaycanın Ermənistanla münasibətlərin normallaşması, sülh sazişinin hazırlanması və imzalanması məsələsində indiki mövqeyini dəstəklədiyini vurğulayıb. O qeyd edib ki, işğaldan azad olunmuş ərazilərində quruculuq işləri aparan Bakı, eyni zamanda, regional sülhün təmin edilməsi istiqamətində səylərini davam etdirir.
Səfir E.Səlimov iordaniyalı millət vəkillərinə Ermənistanın sülh danışıqları prosesində qeyri-konstruktiv mövqeyi, ölkəmizin Cənubi Qafqaz regionunda dayanıqlı sülhün təmin edilməsi üzrə səyləri haqqında ətraflı məlumat verib.
Görüş zamanı Azərbaycan və İordaniya parlamentləri arasında əlaqələrin daha da inkişafı ətrafında da fikir mübadiləsi aparılıb.