Milli Məclisdə “Dağları aşarkən: Qərbi Azərbaycana dinc və hüquqi qayıdış” mövzusunda ictimai dinləmə keçirilib.
Senzor.az-ın xəbərinə görə, parlamentin İnsan hüquqları komitəsinin təşəbbüsü ilə baş tutan dinləmədə komitə sədri Zahid Oruc, xarici işlər nazirinin müavini Xələf Xələfov, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli, Milli Məclisin deputatları, QHT sədrləri və digərləri iştirak ediblər.
İctimai dinləmə zamanı Qərbi Azərbaycana qayıdış üçün müxtəlif yol xəritələrinin hazırlanması, Qərbi Azərbaycana Qayıdış Konsepsiyası, həmçinin qərbi azərbaycanlıların deportasiyası və bu kimi bir çox məsələlərlə əlaqədar müzakirələr aparılıb.
**12:40
"Vətən müharibəsindən sonra Qərbi Azərbaycana qayıdış məsələsinin qaldırması bütün Azərbaycan xalqının hədəfidir".
Bunu xarici işlər nazirinin müavini Xələf Xələfov Milli Məclisin İnsan hüquqları komitəsinin “Dağları aşarkən: Qərbi Azərbaycana dinc və hüquqi qayıdış” mövzusunda keçirdiyi ictimai dinləmədə çıxışı zamanı deyib.
O xatırladıb ki, Qərbi Azərbaycan İcması tərəfindən Qayıdış Konsepsiyası hazırlanıb:
"Bu sənəd də BMT-nin rəsmi sənədi kimi yayılıb".
Nazir müavini qeyd edib ki, Qərbi Azərbaycana qayıdışla bağlı məsələdə populizmə yol vermək olmaz: "Bu, milli məsələdir".
**12:12
Qərbi Azərbaycan məsələsi Ermənistan və Azərbaycan arasında sülh gündəliyinin tərkib hissələrindən biri olmalıdır.
Bunu xarici işlər nazirinin müavini Xələf Xələfov Milli Məclisin İnsan hüquqları komitəsinin “Dağları aşarkən: Qərbi Azərbaycana dinc və hüquqi qayıdış” mövzusunda təşkil etdiyi ictimai dinləmədə deyib.
"Qərbi azərbaycanlıların həmin ərazilərə qayıtması könüllüdür və onların həmin ərazilərə qayıdanda təhlükəsizlik və sosial-iqtisadi təminatı yerinə yetirməlidir. Ermənistan bu məsələləri könüllü olaraq üzərinə götürməli və həll etməlidir. Bu, xalqımız üçün bir humanitar faciədir. Bu baxımdan icmanın üzərinə çox böyük məsuliyyət düşür. Digər tərəfdən, Azərbaycan Xarici İşlər Nazirliyinin Qərbi Azərbaycan məsələsini bir xarici siyasət məsələsi kimi aparması çox incə məsələdir. Bu, asan məsələ deyil. Elə məsələlər var ki, o, ictimai məsələdir və cəmiyyətin üzərinə düşür", - Xələf Xələfov vurğulayıb.
**11:50
Artıq Qərbi Azərbaycanda 237 kəndin siyahıya alınması tam yekunlaşıb, bir neçə aya bu siyahıya alınma başa çatacaq
Bunu Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Əziz Ələkbərli Milli Məclisin İnsan hüquqları komitəsinin “Dağları aşarkən: Qərbi Azərbaycana dinc və hüquqi qayıdış” mövzusunda ictimai dinləməsində çıxışı zamanı deyib.
"Eyni zamanda, 20 minə yaxın ailənin sənədləri toplanıb, həmin ailələr dəymiş ziyan sənədləşdirilib", - Əziz Ələkbərli qeyd edib.
**11:35
Milli Məclisdə “Dağları aşarkən: Qərbi Azərbaycana dinc və hüquqi qayıdış” mövzusunda ictimai dinləmələr aparılır.
"Report"un xəbərinə görə, tədbir parlamentinin İnsan hüquqları komitəsinin təşəbbüsü ilə keçirilir.
Toplantıda deputatlarla yanaşı Qərbi Azərbaycan İcmasının nümayəndələri də iştirak edirlər.
Deputatlar və müzakirələrə dəvət olunanlar Qərbi Azərbaycana dinc və hüquqi qayıdışla bağlı fikirlərini bildirir, təkliflər irəli sürürlər.