Ombudsman Milli Məclisdə bir sıra təkliflərlə çıxış edib
YENİLƏNİB

Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyeva Milli Məclisin bu gün keçirilən iclasında bir sıra təkliflərlə çıxış edib.


Senzor.az-ın xəbərinə görə, illik məruzəni təqdim edən S.Əliyeva orta məktəblərdə şagird sayına uyğun müəyyən edilən mövcud psixoloq ştatlarının artırılması, peşəkar və ixtisaslaşmış psixoloqların cəlb edilməsi təklifini irəli sürüb.


Qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qəbul komissiyası tərəfindən istismarına icazə verilməyən, daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət kimi qeydiyyata alınmayan və sığorta edilməyən çoxmənzilli binalarda mənzillərin satılmasına qanunla qadağa qoyulması da Ombudsman tərəfindən təklif olunub.


Ombudsman qeyd edib ki, vətəndaşların layiqli həyat səviyyəsinin və rifah halının yüksəldilməsi məqsədilə onların məşğulluğunun təmin edilməsinə diqqətin artırılması olduqca əhəmiyyətlidir.


“Məşğulluq” altsistemindəki vakansiya bankından münasib işlər təklif olunmuş və barəsində elektron göndəriş formalaşdırılmış vətəndaşlar bir çox hallarda həmin göndərişin verildiyi müəssisələrə müraciət edərkən müvafiq ştat vahidinin vakant olmadığı əsas gətirilərək imtina cavabı alırlar ki, bu da əsaslı şikayətlərə səbəb olur. 


Odur ki, məşğulluq orqanları vətəndaşın işlə təmin edilməsi prosesini nəzarətdə saxlamalı, vakant iş yerləri ilə bağlı işəgötürənlər tərəfindən təqdim edilən məlumatların formal xarakter daşımasının qarşısı alınmalı, bununla bağlı qanunvericiliyə müvafiq dəyişikliklər edilməli, vətəndaşlara verilən imtina cavablarının səbəbləri araşdırılaraq nəticəsindən asılı olaraq ciddi tədbirlər görülməlidir.


S.Əliyeva bildirib ki, aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi üçün ünvanlı dövlət sosial yardımının təyin edilməsi mexanizminin təkmilləşdirilməsinə də ehtiyac vardır. Bu məqsədlə həmin yardımın təyin olunması zamanı istismara yararsız nəqliyyat vasitəsinin, kommunal və rabitə xərcləri məbləğinin nəzərə alınmaması, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, habelə beşdən çox uşağı olan qadınlara verilən müavinətin cari transfertlər siyahısından çıxarılması zəruridir. 


Əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı rəsmiləşdirilmiş göndərişlərə dair qərarların qəbul edilməsi zamanı süründürməçiliyin qarşısının alınması və obyektivliyin təmin edilməsi məqsədilə tibbi-sosial ekspert komissiyaları ilə həkim məsləhət komissiyaları arasında funksional əlaqələndirmənin təmin edilməsinə ehtiyac vardır.


İmtiyazlı qruplardan olan və dövlət hesabına dərman preparatları ilə təmin edilən şəxslərin sağlamlığının qorunması hüququnun daha səmərəli təmin edilməsi məqsədilə pulsuz dərman reseptləri əsasında verilən dərman preparatlarının növlərinin və əvəzedicilərinin sayının artırılması, ehtiyacı olan insanların, xüsusilə aztəminatlı şəxslərin dərman vasitələrinin qiymətlərinə əlçatanlığının təmin edilməsi məqsədilə tədbirlərin görülməsi zəruridir.


O vurğulayıb ki, dərman vasitələrinin keyfiyyəti də narahatlıq yaradan problemlərdəndir. Eyni tərkibli, lakin müxtəlif ölkələrdə istehsal olunan dərmanların orqanizmə təsiri həmin dərmanların keyfiyyəti məsələsinə də ciddi yanaşma tələb edir. Bu baxımdan, dərman vasitələrinin keyfiyyətinə nəzarət gücləndirilməlidir.


Təhsil hüququnun təmin edilməsinin mühüm elementi kimi orta məktəb şagirdlərinə verilən əsas tədris vəsaitləri ilə yanaşı, tədris proqramının ayrılmaz tərkib hissəsi olan əlavə tədris vəsaitlərinin də dövlət büdcəsi hesabına maliyyələşdirilməsi, peşəkar və ixtisaslaşmış psixoloqlar cəlb edilməklə məktəblərdə psixoloq ştatlarının artırılması, müəllim-şagird münasibətlərində, pedaqoji heyət daxilində yarana biləcək mübahisələrin effektiv həlli məqsədilə təhsil sistemində mediasiya institutunun bu və ya digər müsbət beynəlxalq təcrübənin öyrənilərək tətbiq olunmasına ehtiyac vardır.


Respublikanın bir sıra bölgələrində havaların daha tez soyuması nəticəsində məktəblərin isidilməsində yaranan problemlər şagirdlərin səhhətinə neqativ təsir göstərməklə yanaşı, davamiyyətin aşağı düşməsinə səbəb olur ki, bu da təhsil hüququnun səmərəli təmin olunmasına imkan vermir.


Odur ki, həmin təhsil müəssisələrində qış mövsümünə keçidin müəyyən edilmiş tarixlər üzrə deyil, hava şəraitinə uyğun tətbiq olunması ilə bağlı qanunvericiliyə dəyişiklik edilməsi daha məqsədəmüvafiqdir.


İnsanların mülkiyyət, mənzil və təhlükəsiz yaşamaq kimi hüquqlarının etibarlı müdafiəsi, xüsusilə tikintisi aparılan bina və qurğuların yaxınlığında, habelə təmas sahəsində yerləşən evlərdə yaşayan sakinlərin təhlükəsizliyinin təmini, ətraf mühitin çirkləndirilməsinə qarşı mübarizənin genişləndirilməsi məqsədilə aidiyyəti dövlət qurumları tərəfindən qabaqlayıcı tədbirlərin görülməsi, xüsusilə bu sahəyə nəzarətin gücləndirilməsi neqativ halların qarşısının alınmasında böyük əhəmiyyət daşıyır.

**11:18

Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) illik məruzəsi müzakirəyə çıxarılıb.


Senzor.az-ın xəbərinə görə, sənədi Ombudsman Səbinə Əliyeva təqdim edir.


Sonra deputatlar məruzəni müzakirə edəcəklər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.