Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Qəbələ rayonunun Vəndam qəsəbəsi yaxınlığında meşəlik ərazidə baş vermiş yanğın geniş sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
FHN-dən Senzor.az-a verilən xəbərə görə, yanğın nəticəsində 2 hektar sahədə qurumuş ağaclar, kötük, kol-kos və xəzəl yanıb.
Sıx meşəlik ərazi yanğından mühafizə olunub.
Yanğınla mübarizə tədbirlərində FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Qəbələ Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları iştirak edib.
**15:48
Bu gün Qəbələ rayonunun Nohurqışlaq kəndi yaxınlığında meşə ərazisindəki kolluq sahədə yanğın hadisəsi baş verib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat katibi İradə İbrahimova Senzor.az-a bildirib ki, ilkin ehtimala görə, yanğın sözügedən kənddə vətəndaşın bağ sahəsində xəzəllərin yandırılması nəticəsində başlayıb, sonradan meşə ərazisinə keçib.
“Hazırda ETSN-nin yerli qurumları, FHN -in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən yanğının söndürülməsi və digər ərazilərə keçməsinin qarşısının alınması istiqamətində tədbirlər görülür”.
İ.İbrahimova yanğın hadisələrinin baş verməməsi üçün vətəndaşları yanğın təhlükəsizliyi qaydalarına əməl etməyə, odla ehtiyatlı davranmağa, yanğına şərait yaradan bütün hallardan çəkinməyə çağırıb.