Azərbaycanda səfərdə olan ABŞ-ın Avropa Komandanlığının planlaşdırma, strategiya və imkanlar üzrə direktor müavini, briqada generalı Edvard Voqan Şəhidlər Xiyabanını ziyarət edib.
Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin "Twitter" hesabında məlumat verilib.
"Briqada generalı Voqan Şəhidlər Xiyabanını ziyarət edərək şəhidlərin xatirəsinə ehtiramını bildirib. O, münaqişə nəticəsində yaxınlarını itirən ailə və dostlara başsağlığı verib", paylaşımda qeyd olunub.
**16:19
Martın 14-də müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ABŞ-ın Avropa Komandanlığının tərəfdaşlıq, təhlükəsizlik və siyasət imkanları üzrə direktor müavini briqada generalı Edvard Voqanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Senzor.az-a MN-dən məlumat verilib.
Əvvəlcə qonaqlar Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirələrini ehtiramla yad ediblər.
Nümayəndə heyətini salamlayan Baş Qərargah rəisi onlara Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunda aparılan islahatlar, azad edilən ərazilərdə görülən işlər, həmçinin Azərbaycan-Ermənistan şərti dövlət sərhədi və Qarabağ iqtisadi rayonundakı cari vəziyyət barədə məlumat verib.
Görüşdə ikitərəfli əməkdaşlığın müxtəlif istiqamətləri üzrə əldə edilmiş müsbət nəticələrdən, o cümlədən Oklahoma ştatının milli qvardiyası ilə Azərbaycan Ordusu arasında qarşılıqlı əlaqələrin cari vəziyyətindən məmnunluq ifadə edilib.
Briqada generalı E.Voqan Azərbaycan Ordusunun hərbi qulluqçularının Əfqanıstandakı “Qətiyyətli dəstək” qeyri-döyüş missiyasına verdiyi töhfəyə görə minnətdarlığını bildirib, mövcud əməkdaşlığın inkişafının vacibliyini diqqətə çatdırıb.
Sonda Azərbaycan ilə ABŞ arasında hərbi əməkdaşlığın perspektivləri və regional təhlükəsizlik məsələlərinə dair ətraflı fikir mübadiləsi aparılıb.
**15:24
ABŞ-ın Avropa Komandanlığının planlaşdırma, strategiya və imkanlar üzrə direktor müavini, briqada generalı Edvard Voqan Azərbaycana gəlib.
Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Bakıya səfəri çərçivəsində briqada generalı Voqan Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti və Ərazilərin Minalardan Təmizlənməsi Agentliyinin rəsmiləri ilə görüşlər keçirəcək. Briqada generalı Voqan ABŞ-Azərbaycan təhlükəsizlik tərəfdaşlığı və regional təhlükəsizlik məsələlərini müzakirə edəcək.