Bu gün REAL TV-nin 5 yaşı tamam olur.
Senzor.az xatırladır ki, "Real Təhlil İnformasiya Mərkəzi" MMC 15 mart 2018-ci ildə fəaliyyətə başlayıb.
2018-ci il martın 15-dən sentyabrın 16-dək Real TV tamaşaçını 19 saat ərzində (saat 08:00-dan 02:00-dək) ölkə daxilində və dünyada baş verən hadisələrlə bağlı xəbərlərlə təmin edib.
17 sentyabr 2018-ci ildən 24 saatlıq yayıma keçib.
23 aprel 2019-ci ildə "Real TV" Milli Televiziya və Radio Şurasının elan etdiyi ixtisaslaşmış (xəbər) televiziya kanalının açılması üçün ümumrespublika televiziya yayımı üzrə müsabiqənin qalibi elan edilib, "Real Təhlil İnformasiya Mərkəzi" MMC-yə ümumrespublika televiziya yayım kanalının açılması üçün müddətsiz lisenziya verilib.
REAL TV təkcə Azərbaycan auditoriyasını deyil, həm də dünyanın böyük bir hissəsini hər gün xəbərlərlə təmin edir. Televiziyada gün ərzində yerli və xarici xəbərlər, aktual mövzuların müzakirəsi, təhlili izləyicilərə təqdim olunur.
Kanal həm kabel televiziyalarında, həm də peyklə yayımlanır.
Razılaşın ki, 5 il müddət üçün heç də az iş və nailiyyət deyil. Amma...
REAL TV-nin rəhbəri Mir Şahin Ağayev Facebook səhifəsində bu əlamətdar günlə bağlı maraqlı paylaşım edib. Azərbaycan jurnalistikasında özünəməxsus, fərqli və seçilən məktəb yaratmış dəyərli həmkarımız həmin paylaşımında yazıb: “Əlbəttə, tarixin o gününədək də vardıq, olmuşduq! Müxtəlif şəkildə, müxtəlif səsdə! Amma REAL yalnız o gün olduq! ÖZÜMÜZ olduq! REAL olmaq Keçmişdən heç də imtina deyildi, həm də İndini və Gələcəyi qəbul etməyə hazır olmaq, bu missiyaya qadir olmaq idi.
Bu əslində 5 yaş deyil-şəxsən məndən ötrü! İyirmi beş üstə gəl beş-dir! Bəs 5 həmişə “Əla!”dırmı? Bilmirəm! Sadəcə işləyirəm! İşləyirik! Qiymət haqqında düşünmədən! Yaşımızı bayram eləmirik! İşdən böyük bayram, işimizdən yüksək qiymət yoxdur. Bizdən hamı gözləyir! Bu hamının haqqıdır! Hamı da haqlıdır! Amma həm də Hamı axı hələ doğulmayıb! Sonuncu tamaşaçımız və dinləyicimiz doğulana qədər ömür və vaxt istəyirəm, istəyirik Allahdan! Yaşasın Azərbaycan! Göstərsin və Danışsın Azərbaycan!”.
Bizcə, əlavə şərhə ehtiyac yoxdur. Sadəcə “Amin” deyir və bu gün münasibətilə başda hörmətli Mir Şahin Ağayev olmaqla, telekanalın bütün kollektivini təbrik edir, onlara yeni yaradıcılıq uğurları və istədiklərinə çatmalarını arzulayırıq!
Senzor.az