Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən qardaş ölkədə olan Fövqəladə Hallar Nazirliyinin (FHN) çevik xilasetmə qüvvələrinin sonuncu qrupu ölkəmizə yola düşüb.
Senzor.az bildirir ki, bu barədə FHN-dən məlumat verilib.
Belə ki, 8 ədəd nəqliyyat vasitəsindən ibarət avtomobil karvanı bu gün səhər saatlarında Kahramanmaraş şəhərindən ölkəmizə yola düşüb.
Qeyd edək ki, güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə zəlzələ baş verən ilk gündən etibarən Fövqəladə Hallar Nazirliyi tərəfindən Türkiyəyə 8 baş xüsusi təlim görmüş xilasetmə iti, 3 ədəd xüsusi təyinatlı xilasedici nəqliyyat vasitəsi və digər zəruri xilasetmə vasitələri ilə təchiz olunmuş ümumilikdə 760 nəfərdən ibarət xilasedici və tibbi heyət göndərilib. Həyata keçirilmiş axtarış-xilasetmə əməliyyatları nəticəsində FHN-in qüvvələri tərəfindən dağıntılar altından 17-si uşaq olmaqla 53 nəfər sağ, 755-i Kahramanmaraşda və 25-i Hatayda olmaqla 780 nəfərin cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Bununla yanaşı, Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyi tərəfindən qardaş ölkəyə humanitar yardım olaraq 2630 ədəd müxtəlif ölçülü çadır, 707 ədəd qızdırıcı, 5 ədəd böyük gücə malik generator, 540 ədəd çarpayı, 724 ədəd adyal, 724 ədəd adyal üzü, 650 ədəd masa, 2000 ədəd oturacaq, 8000 ədəd geyim dəsti, 20000 cüt corab, 7000 ədəd iplik dəsmal və digər ləvazimatlar çatdırılıb. Həmçinin, ümumilikdə 19330 nəfər zərərçəkmiş Nazirliyin Kahramanmaraş rayonunda qurduğu mobil səhra mətbəxlərində hazırlanan qida ilə təmin olunub.