Bu gün - 15 iyun Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur.
Senzor.az xatırladır ki, düz 29 il əvvəl - 1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyev xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdı-Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Parlamentin həmin gün keçirilən iclasındakı çıxışında o, Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi. Elə o gündən uzun illər davam edən gərginlik, qarşıdurma səngidi, ölkə vətəndaş müharibəsi və parçalanma təhlükəsindən qurtuldu. Məhz həmin gün Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu.
Milli qurtuluş fəlsəfəsi sözün geniş mənasında Azərbaycanın mövcudluğunu, onun ən böyük tarixi nailiyyəti olan müstəqilliyini təmin edir. Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ suverenliyi qoruyub inkişaf etdirmək idi və bu, ümummilli liderin iradəsi sayəsində reallığa çevrildi. O, Milli Azərbaycan dövlətçiliyi konsepsiyasını yaratdı. Bütün maneələrə baxmayaraq, ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu.
1997-ci ildə isə Milli Məclisin deputatları 15 iyun tarixinin təqvimə Azərbaycan Respubıikasının Milli Qurtuluş Günü kimi salınması təklifi ilə çıxış etdilər və parlament bu təklifi bəyəndi. Həmin vaxtdan Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı rəsmən Milli Qurtuluş Günü kimi qeyd edilir.
Bu il ikinci dəfədir ki, Azərbaycan xalqı Milli Qurtuluş Gününü ölkəmizin ərazi bütövlüyü şəraitində qeyd edir. Azərbaycanın 44 günlük Vətən müharibəsində şanlı qələbəsi məhz Ümummilli Lider Heydər Əliyevin ölkəyə yenidən rəhbərliyə qayıtdığı vaxtdan başlanılan genişmiqyaslı dövlətçilik, quruculuq, iqtisadiyyatın inkişaf etdirilməsi, ordunun gücləndirilməsi işlərindən başlayıb.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gündə torpaqlarımızın işğaldan azad edilməsi çoxəsrlik Azərbaycan tarixinin çox şərəfli səhifəsidir. Bu Zəfər - 30 ilə yaxın müddət ərzində düşmənin işğalda saxladığı Azərbaycan torpaqlarının əsarətdən qurtulması həm də Ulu öndər Heydər Əliyevin müstəqil dövlətçilik ideallarının təntənəsidir.