
Senzor.az Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətinə istinadən bildirir ki, gün ərzində mərkəzi küçələrlə yanaşı, qəsəbə və yaşayış massivlərindəki küçələrdə də dezinfeksiya işləri aparılacaq. Bu zaman istifadə edilən maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq, paytaxt sakinləri əvvəlcədən KİV vasitəsilə xəbərdar edilib.
Küçələrdə aparılan dezinfeksiya işləri ilə bərabər Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin əməkdaşları dezinfeksiya həftəliyi çərçivəsində Departamentin balansında olan yaşayış binalarında, lift kabinələrində, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında tibbi-profilaktik və dezinfeksiyaedici tədbirləri davam etdiriblər.
“Bir daha bildiririk ki, koronavirus pandemiyası ilə mübarizə millətin təhlükəsizliyi məsələsidir. Pandemiyadan xilas olunmaq üçün vətəndaşlarımız ilk növbədə vaksinasiya olunmalı, özlərinin, yaxınlarının, ətraflarındakı insanların qorunması, xəstəliyin daha çox yayılmasına imkan verilməməsi üçün tibbi-profilaktiki qaydalara ciddi riayət etməlidirlər”, -Mətbuat xidmətindən bildirilib.






