Görkəmli iqtisadçı alim, İdarəetmə Sistemləri İnstitutunun laboratoriya rəhbəri, AMEA-nın müxbir üzvü, professor Akif Fərhad oğlu Musayev bu gün 75 yaşında vəfat edib.
Senzor.az bildirir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) məlumat verilib.
Xatırladaq ki, Akif Musayev 1947-ci il 18 iyul tarixində Füzuli rayonunun Qorgan kəndində anadan olub. 1971-ci ildə Azərbaycan Dövlət Universitetini (indiki Bakı Dövlət Universiteti) bitirdikdən sonra SSRİ Elmlər Akademiyasının Mərkəzi İqtisadiyyat-Riyaziyyat İnstitutunun aspiranturasına qəbul olub. 1977-ci ildə iqtisadi-riyazi üsullar ixtisası üzrə fəlsəfə doktoru, 1992-ci ildə isə xalq təsərrüfatı və onun sahələrinin (sənaye) iqtisadiyyatı, planlaşdırılması və idarə edilməsinin təşkili ixtisası üzrə elmlər doktoru elmi dərəcələrini alıb. 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib.
İqtisadçı alim Akif Musayev Prezident İlham Əliyevin 2007-ci il 9 fevral tarixli sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə medalı”, 2018-ci il tarixli sərəncamı ilə isə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunub. Həmçinin Britaniyanın Kembric Beynəlxalq Bioqrafiya Mərkəzi və Amerikanın Şimali Karolina Bioqrafiya İnstitutunun idarə heyətləri tərəfindən dünya elm və təhsilinə verdiyi töhfələrə görə “Beynəlxalq Şərəf Diplomu”na və “Görkəmli lider mükafatı”na layiq görülüb.
Tanınmış alim, bacarıqlı elm təşkilatçısı, səmimi və qayğıkeş insan Akif Musayevin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaq.
Allah rəhmət eləsin!