Yaponiya hökuməti Koreya Əmək Partiyasının (KƏP) oktyabrın 10-da qeyd ediləcək 77-ci ildönümü ilə əlaqədar Koreya Xalq Demokratik Respublikası (KXDR) tərəfindən raket buraxılışı və nüvə sınağı kimi təxribatlar törədiləcəyini güman edir.
Bu barədə oktyabrın 7-də NHK telekanalı hökumətdəki mənbələrə istinadla məlumat yayıb.
Xatırladaq ki, son iki həftə ərzində KXDR tərəfindən altı raket buraxılışı həyata keçirilib. Pxenyan əvvəllər belə sürətlə raket sınaqları keçirməyib. KXDR tərəfindən həmin istiqamətdə növbəti addımların atılacağından ehtiyat edən Yaponiya tərəfi ABŞ və Cənubi Koreya ilə birlikdə vəziyyəti diqqətlə izləyir.
Müşahidəçilərin bir qisminin bildirdiyinə görə, KXDR əvvəllər də KƏP-in ildönümü ərəfəsində belə addımlar atıb. Belə ki, KXDR tərəfindən 2006-cı il oktyabrın 9-da KƏP-in növbəti ildönümü ərəfəsində ilk nüvə sınağı keçirilib.
Qeyd edək ki, KXDR tərəfindən son nüvə sınağı 2017-ci ilin sentyabrında təşkil olunub. ABŞ, Yaponiya və Cənubi Koreyanın əlaqədar strukturları son aylarda Pxenyanın növbəti nüvə sınağı keçirməyə hazırlaşdığı barədə məlumatlar yayıblar.
Cənubi Koreyanın Milli Kəşfiyyat Xidmətinin məlumatına görə, KXDR oktyabrın 16-dan noyabrın 7-dək növbəti nüvə sınağı keçirə bilər.