İşğaldan azad edilmiş Donetsk vilayətinin Liman şəhərində 110-a yaxın xəndək, o cümlədən uşaq məzarları tapılıb.
Bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.
Məlumatda bildirilib ki, Liman şəhərindəki “Novaya Maslyakovka” qəbiristanlığında 40-dan çox meyit çıxarılıb.
Belə ki, 4-10 oktyabr tarixlərində Ukrayna istintaq-prokuror qrupu Rusiya Federasiyasının silahlı birləşmələrindən azad edilmiş Svyatoqorsk və Liman şəhərlərində yerli sakinlərin dəfn olunduğu yerlərə baxış keçirib. Hüquq-mühafizə orqanlarının əməkdaşları bəzilərində zorakılıq nəticəsində ölüm əlamətləri olan 34 nəfərin meyitini çıxarıblar.
Qeyd edək ki, oktyabrın 2-də Ukrayna hərbçiləri Donetsk vilayətinin Liman şəhərini rus qoşunlarından tamamilə təmizləyib. Oktyabrın 8-də isə Ukraynanın Müvəqqəti İşğal Olunmuş Ərazilərinin Reinteqrasiyası Nazirliyi Donetsk vilayətinin iki icmasında 40 yaşayış məntəqəsinin rus işğalçılarından azad edildiyini bildirib. ("Qafqazinfo")