Rusiyanın Krasnodar diyarının Yeysk şəhərində qırıcı təyyarənin yaşayış binasına çırpılması nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb. Onlardan üçü uşaqdır.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Krasnodar diyarı qubernatorunun müavini Anna Minkova məlumat verib.
Onun sözlərinə görə, hadisə nəticəsində ümumilikdə 43 nəfər, o cümlədən 11 uşaq zərər çəkib.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin Yeyskdə hərbi təyyarənin qəzaya uğraması nəticəsində zərər çəkənlərə bütün lazımi yardımların göstərilməsi barədə göstəriş verib.
**09:00
Rusiyanın Krasnodar diyarının Yeysk şəhərində “Su-34” qırıcısının yaşayış ərazisinə çırpılması nəticəsində ölənlərin sayı 13-ə çatıb, onlardan 3-ü uşaqdır.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, ölkə Fövqəladə Hallar Nazirliyi mətbuat xidmətinin bu gün səhər yaydığı məlumatda belə deyilir.
Qeyd olunub ki, qəza nəticəsində yaralananların sayı 19 nəfər olub.
Məlumatda o da bildirilib ki, hadisə yerində xilasetmə-axtarış işləri başa çatıb.
**23:44(17.10.2022)
Rusiyanın Krasnodar diyarının Yeysk şəhərində “Su-34” qırıcısının yaşayış ərazisinə çırpılması nəticəsində ölənlərin sayı 6-ya çatıb.
Bu barədə “Baza” məlumat yayıb.
Bildirilib ki, yaralıların sayı 27-yə yüksəlib, daha bir neçə nəfər itkin düşmüş hesab edilir.
Qeyd olunub ki, binada plitələrin çökməyə başlaması xilasetmə əməliyyatına mane olur.
**22:36
Rusiyanın Krasnodar diyarının Yeysk şəhərində qırıcı təyyarənin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb.
Senzor.az yerli KİV-ə istinadən bildirirki, bu barədə regiondakı Operativ Qərargah məlumat yayıb.
Hadisə nəticəsində 25 nəfər yaralanıb, 6 nəfərin taleyi barədə isə məlumat yoxdur.
**21:48
Rusiyanın Krasnodar diyarının Yeysk şəhərində "Su-34" qırıcısının yaşayış ərazisinə çırpılması nəticəsində 2 nəfər ölüb, 19 nəfər yaralanıb.
Senzor.az bildirir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsi məlumat yayıb.
**20:38
Rusiya Prezidenti Vladimir Putin Yeyskdə hərbi təyyarənin qəzaya uğraması nəticəsində zərər çəkənlərə bütün lazımi yardımların göstərilməsi barədə göstəriş verib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Dövlət başçısı vəziyyətlə bağlı nazirlərin və rayon rəhbərinin məruzələrini dinləyib.
Faktla bağlı artıq cinayət işi başlanılıb.
Qeyd edək ki, “Su-34” təyyarəsi Yeysk şəhərinin Kommunist küçəsində yaşayış binasının həyətinə düşüb. Qəza nəticəsində əmələ gələn yanğın 9 mərtəbəli binaya keçib. Rusiya Müdafiə Nazirliyi qəzanın təyyarə havaya qalxarkən mühərriklərdən birinin alovlanması nəticəsində baş verdiyini bildirib. Həlak olan və yaralananlar barədə hələlik məlumat yoxdur.
**20:26
Rusiyanın Yeysk şəhərində hərbi təyyarənin yaşayış binasının üzərinə düşməsi ilə bağlı 3 saylı yanğınsöndürmə dərəcəsi elan edilib.
TASS bildirir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi Krasnodar diyarı üzrə Baş İdarəsinin mətbuat xidmətindən məlumat verilib.
Yanğın sahəsi təxminən 2 min kvadratmetrdir. Ölən və yaralananlar barədə məlumat dəqiqləşdirilir.
Şəhər administrasiyasının nümayəndəsinin sözlərinə görə, sosial obyektlərə ziyan dəyməyib.
**19:51
Rusiyanın Yeysk şəhərində hərbi təyyarə yaşayış binasının üzərinə düşərək yanğına səbəb olub.
Bu barədə TASS xəbər yayıb.
Hadisə şahidlərinin sözlərinə görə, ev birinci mərtəbədən 9-cu mərtəbəyə qədər yanır. Yanğın binanın 15 mənzilini bürüyüb.
Məlumata görə, qəzaya uğrayan "Su-34" qırıcısı olub. Həlak olan və yaralananlar barədə hələlik məlumat yoxdur.